Baku Medical Plazada Beynəlxalq Leykemiya gününə həsr olunmuş tədbir keçirilib.
Bu barədə Gununsesi.info-ya Baku Medical Plazadan bildirilib.
Bildirilir ki, Azərbaycanın təcrübəli hematologiya mütəxəssislərinin iştirakıyla Beynəlxalq Leykemiya gününə həsr olunmuş “Leykemiyalarda Son Yeniliklər və Gələcək Perspektivlər” mövzusunda Simpozium təşkil olunub.
Baku Medikal Plaza klinikalar şəbəkəsinin Babək filialında keçirilən tədbirdə leykemiya müalicəsində müasir yanaşmalar, yeniliklərin tətbiqi və təcrübə mübadilələri haqqında danışılıb.
Müxtəlif səhiyyə müəssisələrinin nümayəndələri qan xərçənglərinin erkən diaqnozu və müalicə üsulları, genetik və molekulyar biologiya sahəsindəki yeniliklər, klinik tətbiqlərdə qarşılaşılan çətinliklər və həll yolları, yeni müalicə yanaşmaları, qan transfuziyaları və xəstə baxımı mövzularında çıxışlar ediblər.
Tədbir iştirakçılarının sahənin aparıcı mütəxəssislərindən məlumat əldə etdiklərini və öz təcrübələrini paylaşmaq imkanı qazandığını deyən Təşkilat Komitəsinin sədri, Azərbaycan Hematologiya Mütəxəssisləri İB rəhbəri TÜFD. Dr. Valeh Hüseynov, builki simpoziumun hematologiya sahəsindəki ən son elmi inkişafları və klinik tətbiqlərdəki yenilikləri müzakirə etmək üçün önəmli platforma olduğunu diqqətə çatdırıb.
Simpozium istər hematoloqlar, sahənin müxtəlif mütəxəssisləri, istərsə də köməkçi tibbi personalın nümayəndələri tərəfindən yüksək qiymətləndirilib.
İştirakçılar multidisiplinar yanaşmalar və qlobal tədqiqatlar barədə geniş məlumat əldə ediblər.
Gununsesi.info