Mövzu ilə bağlı Gununsesi.info-ya açıqlmasında insan hüquqları üzrə vəkil Esmira Rzayeva bildirib ki, məhkəmə iclas katibi vəzifəsinə qəbul olunacaq şəxslərin ixtisas dairəsinin genişləndirilməsi hüquq sistemində son dövrlər aparılan islahatların bir hissəsi kimi qiymətləndirilə bilər:

“Bu addım, ilk növbədə, ölkənin müxtəlif bölgələrində hüquqşünas kadr çatışmazlığının aradan qaldırılması, məhkəmələrin iş yükünün optimallaşdırılması və kargüzarlıq proseslərinin daha çevik təşkilinə xidmət edir.

Məlumdur ki, iclas katibi vəzifəsi yalnız hüquqi bilikləri deyil, həm də düzgün sənədləşdirmə, dil biliyi, operativlik, psixoloji dayanıqlıq, analitik təfəkkür və yüksək məsuliyyət tələb edir. Filologiya, Jurnalistika, Tərcümə, Tarix, Sosiologiya, Psixologiya kimi ixtisas sahələrinin bu bacarıqlarla üst–üstə düşməsi nəzərə alınarsa, qəbul dairəsinin genişləndirilməsi praktiki baxımdan müsbət nəticələr verə bilər.

Bununla yanaşı, bir vacib məqam da unudulmamalıdır: hüquq hazırlığı olmayan şəxslərin məhkəmə prosesinin mahiyyətini, terminologiyasını və prosedur qaydalarını tam mənimsəməsi üçün əlavə təlim proqramları, adaptasiya mərhələsi və praktiki hazırlıq mütləq təmin edilməlidir. Bu addım həm proseslərin keyfiyyətinə, həm də ədalət mühakiməsinin daha peşəkar aparılmasına kömək edər”.

Vəkilin fikrincə, bu dəyişiklik hüquq sisteminin daha inklüziv və funksional inkişafına xidmət edə bilər:

“Lakin əsas şərt odur ki, yeni qəbul olunan kadrların peşəkar hazırlanmasına xüsusi diqqət yetirilsin.

Ümumilikdə, qəbul qaydalarının genişləndirilməsi məhkəmə sisteminin çevikliyini artırır, kadr çatışmazlığını azaldır və proseslərin daha səmərəli təşkilinə şərait yaradır.

Bu addımın məqsədi məhkəmə fəaliyyətinin daha sabit, operativ və keyfiyyətli şəkildə həyata keçirilməsidir”.