1948-ci il aprelin 7-də Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaranması Ümumdünya Sağlamlıq Günü kimi qeyd edilir. O vaxtdan sonra dünyanın 194 ölkəsi, o cümlədən Azərbaycan təşkilata üzv qəbul olunub.
1950-ci ildən başlayaraq hər il aprelin 7-si Ümumdünya Sağlamlıq Günü ənənəvi olaraq qeyd edilir.
Həmin gün diqqəti əsas ictimai səhiyyə məsələlərinə yönəltmək üçün qlobal bir imkandır. Ümumdünya Səhiyyə Təşkilatının Avropa bürosu xüsusi tədbirlər keçirir, eləcə də siyasətçilər və digər tərəfdaşlar arasında müzakirələrin aparılmasına şərait yaradır.
İctimaiyyətin diqqəti Ümumdünya Səhiyyə Təşkilatının prioritet hesab etdiyi sağlamlığa aid qlobal miqyasda vacib əhəmiyyət kəsb edən bir mövzuya həsr olunub və müxtəlif şüarlar altında keçirilib. Bu il isə təşkilatın yaranmasının 76-ci ilində həmin gün “Sağlamlıq mənim haqqımdır” şüarı altında qeyd edilir.
ÜST-nin hesablamalarına əsasən qarşısı alınmayan ekoloji səbəblərin yaratdığı xəstəliklərdən hər il dünyada 13 milyon nəfər həyatını itirir.
Səhiyyə xidmətlərinin əhatə dairəsinin genişləndirilməsi, xəstəliklərin düzgün müalicəsinin aparılması 2030-cu ilə qədər qarşıda duran əsas məsələlərdən biridir. Uzun və sağlam ömür yaşamağa nail olmaq və sağlamlığın möhkəmləndirilməsi ictimai səhiyyənin qarşısında duran başlıca vəzifələrdən sayılır.
Həmin günün məqsədləri sırasına sağlamlıq qaydalarına düzgün əməl olunması, səhiyyə məsələlərinin həllində dövlət orqanlarına kömək edilməsi, həkimlərin peşəkarlığının artırılması, düzgün qidalanma, idmanın və düzgün həyat tərzinin təbliği, gənclər arasında sağlam vərdişlərin yayılması, yaşlılara və sağlamlıq imkanları məhdud olanlara güzəştli şəraitin yaradılması, siqaret çəkməyin, alkoqollu içkilər və narkotik vasitələrin zərəri barədə məlumatlandırma, profilaktik prosedurların təyini və s. kimi məsələlər daxildir.
Ümumdünya Sağlamlıq Günü sağlamlığın və səhiyyənin problemlərinə yönələn və planetin hər bir sakininin sağlamlığının qorunması və əmin-amanlığının təmin edilməsi üçün birgə fəaliyyət göstərməyə xidmət edən tədbirdir.
Gununsesi.info