Eldar Həsənov da həbsdə qaldı

  • By admin
  • 08 May 2023 10:58

Hazırda həbsdə olan Azərbaycanın sabiq baş prokuroru, ölkəmizin Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinadakı səfiri olmuş Eldar Həsənovun azadlığa çıxacağına dair ümidlər özünü doğrultmadı.

Qeyd edək ki, sabiq səfirin yaxınları ölkə başçısının Heydər Əliyevin 100 illiyi münasibəti ilə imzalayacağı əfv sərəncamı ilə azadlığa çıxacağına ümid edirdi.

Onların bu  ümidinə səbəb isə Eldar Həsənovun uzun illər Heydər Əliyev komandasında çalışmasıdır.

Məhkəmə prosesində də Eldar Həsənova irəli sürülən ittihamlar təsdiqini tapmasa da o, ağır cəzaya məhkum edildi.

Eldar Həsənov üzləşdiyi bu ədalətsizliyə rəğmən mövcud hakimiyyıt haqqında tənqidi fikir səsləndirmədi. O, hələ də həbsinin “zəruriliyinə” inanması üçün ölkə başçısına yalan məlumatlar verildiyini deyir və Əliyevin bir gün əsl həqiqətdən xəbərdar olacağına ümidini ifadə edir.

İstər istintaqında, istərsə də məhkəmə prosesində  prosessual hüquqları pozulmasına baxmayaraq, Eldar Həsənov beynəlxalq insan haqları təşkilatlarında adının siyasi məhbuslar siyahısına daxil edilməsinə razılıq verməyib.

Səhhətində ciddi problemləri olan Həsənovun azadlığa buraxılacağına dair yaxınlarının gözləntisi olsa da lakin bu baş vermədi.

 

Elmar Elnuroğlu

Gununsesi.info