“Əraqçinin Bakı səfəri İranın yeni regional strategiyasının açarıdır” -ŞƏRH

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 8-də İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Azərbaycanla İran arasında əlaqələrin böyük tarixinin olduğunu deyən Prezident İlham Əliyev qeyd etdi ki, xalqlarımızın əsrlər boyu bir yerdə yaşaması münasibətlərimizə xüsusi önəm verir. Son dövrlərdə əlaqələrimizin fəallaşmasından məmnunluğunu bildirən dövlətimizin başçısı İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın ölkəmizə səfərinin, həmçinin digər yüksəkvəzifəli şəxslərin qarşılıqlı səfərlərinin əməkdaşlığımızın daha da genişləndirilməsinə töhfə verdiyini vurğuladı.

Prezident İlham Əliyev ikitərəfli gündəliyimizin geniş olduğunu və bir çox sahələri əhatə etdiyini deyərək, bütün məsələlər üzrə konkret yol xəritələrinin olduğunu bildirdi.

 

Gununsesi.info bildirir ki, siyasi şərhçi Aqşin Kərimov mövzunu belə şərh edib:

“İranın xarici işlər naziri Abbas Əraqçinin Azərbaycana səfəri Tehranın Bakı ilə daha sıx diplomatik, siyasi, iqtisadi-ticari əlaqələr qurmaq prioritetlərini göstərir. Bu, Azərbaycanın ABŞ və İsraillə güclənən münasibətləri ilə bağlı Tehranın narahatlıqları fonunda baş verir.

İran bu strategiyasını birbaşa bəlli etmir, lakin onun əsl məramını ziddiyyətli bəyanatlar vasitəsilə gizlədə də bilmir.

İran strategiyasında Azərbaycanla bağlı təbliğatın və ritorikanın lüğəti indi praqmatikləşib və bu, İranın üzləşdiyi geosiyasi problemlər, təhlükəsizlik qayğıları ilə əlaqəli şəkildə inkişaf edir. Bununla belə, İran xarici siyasətində Azərbaycana qarşı klassik ittiham nümunələri təkrarlanmaqdan uzaq deyil. Ən dərin qatlarda, bu, qəsdən ziddiyyət nümunəsi yaradır yəni:

– İranda Azərbaycanla münasibətlərin inkişafından məmnun olan düşərgənin dili praqmatik yanaşmanı əks etdirir,

– İranda Azərbaycana qarşı propaqanda mötədil mövqedə dayanan dairələrə əks-balans yaradır.

Bu iki nümunə İran siyasətində Azərbaycanla münasibətlərdə qəsdən çaşqınlıq təsəvvürləri yaradan strategiyanı göstərir. İran xarici siyasəti təkcə Azərbaycanla yox, onun rəqiblərindən biri ABŞ, hətta tərəfdaşı olan Rusiya ilə də eyni məzmunda səciyyələnir.

Deməli:

– İrana qarşı sanksiyalar genişləndikcə, onun nüvə proqramına qarşı təzyiqlər artdıqca,

– Ali Rəhbər Seyid Əli Xameneinin varisliyi məsələsinə görə elitada rəqabət qızışdıqca,

– Yaxın Şərqdə proksi hərəkatlar sıradan çıxdıqca,

– ABŞ ilə Səudiyyə Ərəbistanı yeni müttəfiqlik arealı cızdıqca,

– İran-Rusiya münasibətlərində optik olaraq müttəfiqliyə rəğmən, Moskvanın Tehranı kritik təhlükəsizlik anlarında müdafiə etməməsi aşkara çıxdıqca,

– İsraillə daha geniş hərbi eskalasiya riski yarandıqca Tehran xarici ölkələrlə tərəfdaşlıq və onlara qarşı müqavimət dilini balanslaşdırır.

İran strategiyası hazırda özünə qarşı yarana biləcək kritik böhran anlarını nəzarətinə götürməyi hədəfləyir. Başqa sözlə, İranın qarşılaşdığı məhdudiyyətlərə cavabı region dövlətləri ilə müxtəlif əlaqələrin genişləndirilməsi baxımından müəyyən edilir. İran İslam Respublikasının bu kontekstdə yeni qurulan regional konfiqurasiyada açar kimi çıxış edən Zəngəzur dəhlizinə dəstək verməsi strateji zərurətlərlə əlaqəlidir”.

Siyasi şərhçi qeyd edib ki, bu nöqtədə İran Azərbaycanla mülayim mövqe tutmağı ən yaxşı seçim kimi regional siyasətinin mərkəzində qərarlaşdırır:

“İran baş diplomatının Azərbaycana səfəri müsbət və konstruktiv istiqamətləri müəyyənləşdirir və bu, Bakı üçün də regional münasibətlərdə problemlərin minimallaşdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir.

Tehranın qərarı yaranan böhran zamanlarında Azərbaycanın mövqeyi ilə hadisələrə cəld reaksiya vermək məqsədlərinə əsaslandıqca, Bakı da bütün regional risk və təhlükəsizlik dilemmalarını təhlil edir. Azərbaycan problemlərin və genişmiqyaslı hərbi toqquşmaların qarşısını almaqdan ötrü sınaqdan çıxmış siyasi və diplomatik alətlərə üstünlük verir.

Bu mənada Azərbaycan xarici siyasət kursu yeni dünya nizamındakı münasibətlər sistemində İranla İsrailin əlaqələrini nisbi pozitivliyə dəyişə biləcək yanaşmalara sahib ola bilər. Bu yanaşmadan irəli gələrək ehtimal çıxarmaq olar ki, Abbas Əraqçinin səfəri zamanı Azərbaycanın İran və İsrail arasındakı mümkün vasitəçilik səyləri barədə işarələr verilib.

İran-Azərbaycan əlaqələrində aparılan yeni strukturlaşdırma İran tərəfdən müdafiəyə ehtiyac reallıqları çərçivəsində şərh edilə bilər. Bu əlaqələrin Azərbaycan oxunuşu isə qlobal güc balansının dəyişdiyi bir zamanda baş verəcək yeni toqquşmaların qarşısını almaq və ya eskalasiya anlarında maksimum qorunma mexanizmləri kimi başa düşülə bilər”.

 

 

 

Şəbnəm

Gununsesi.info