Evlilikdə ünsiyyət boşluqlarını necə aşmaq olar? -Psixoloqdan tövsiyə

Evlilik və uzunmüddətli münasibətlərdə ünsiyyət münasibətlərin əsas dayağı sayılır. Lakin gündəlik həyatın stresi, iş və şəxsi öhdəliklər bəzən cütlüklər arasında anlaşılmazlıqlara yol açır.

Kiçik mübahisələr zamanla daha böyük problemlərə çevrilə bilər və bu, həm tərəflərin, həm də ailənin psixoloji sağlamlığına təsir göstərə bilər.

Bəs, bu ünsiyyət boşluqlarını necə aşmaq və münasibətləri sağlam saxlamaq olar?

Gununsesi.info-ya danışan ailə psixoloqu Sevinc Həbibova mövzunu belə şərh edib:

“Ünsiyyət problemlərinin öhdəsindən gəlmək üçün öncə cütlüklərin bir-birinə qarşı diqqət ayırması, həmçinin bir-birilərini dinləməsi olduqca vacibdir. Hər iki tərəf hisslərini açıq və dürüst şəkildə ifadə etməli, suçlama və ittihamlardan qaçmalıdır. Konflikt anlarında sakit davranmaq, problemləri birgə həll etmək münasibətləri gücləndirir. Mübahisələri dərhal bitirmək yox, məsələnin əsas səbəbini anlamaq lazımdır. Empati göstərmək, yəni qarşı tərəfin baxış bucağını anlamağa çalışmaq, ünsiyyəti yumşaldır. Kiçik müsbət davranışlar münasibətlərin sağlam qalmasına kömək edir”.

Psixoloq qeyd edib ki, cütlüklər birlikdə keyfiyyətli vaxt keçirməyə, hobbilərini paylaşmağa diqqət yetirməlidir.

“Zamanla yaranan problemləri çözmək üçün ailə psixoloqundan dəstək almaq da əhəmiyyətlidir. Ən əsası, hər iki tərəf münasibətlərə sadiq və məsuliyyətli yanaşmalıdır. Beləcə, ünsiyyət boşluqları minimuma endirilə və sağlam, güclü bir əlaqə qoruna bilər”-deyə o əlavə edib.

 

 

 

Şəbnəm

Gununsesi.info