Hazırda ilk bakalavriat təhsili zamanı Təhsil Tələbə Kreditindən (TTK) istifadə edən şəxslər ikinci ali təhsil aldıqları zaman həmin kredit imkanından yararlana bilmirlər.
Təhsil Tələbə Krediti Fondunun açıqlamasına əsasən, yalnız ilk bakalavriat təhsili zamanı TTK-dan istifadə etməyən şəxslər müəyyən şərtlərlə ikinci ali təhsil zamanı tələbə kreditindən yararlana bilərlər.
Gununsesi.info-ya Milli Məclisin deputatı Anar Məmmədov bildirib ki, mövcud qaydalarda ikinci ali təhsil zamanı kredit imkanlarının məhdudlaşdırılması dövlət resurslarının səmərəli və ədalətli bölüşdürülməsi prinsipi ilə əlaqədardır.

“Fondun əsas sosial missiyası ali təhsilə imkanı çatmayan və ilk dəfə bakalavriat pilləsinə qəbul olan gənclərin təhsil hüququnun təmin edilməsidir. Bununla yanaşı, müasir əmək bazarının tələbləri və “ömürboyu təhsil” konsepsiyası baxımından qaydaların yenidən nəzərdən keçirilməsinə ehtiyac var. Birinci ixtisası üzrə iş tapa bilməyən və ya əmək bazarının yeni tələblərinə uyğun olaraq ixtisasını dəyişmək istəyən vətəndaşlar üçün ikinci ali təhsil zərurətə çevrilir. İkinci ali təhsil alan şəxslər adətən ödənişli əsaslarla oxuyur və bu xərclər onlar üçün ciddi maliyyə yükü yarada bilər. Bu baxımdan qaydaların tamamilə sərbəstləşdirilməsi əvəzinə IT, mühəndislik, kənd təsərrüfatı və pedaqogika kimi prioritet ixtisaslar üzrə ikinci ali təhsil alanlara və ya yüksək akademik göstəriciləri olan şəxslərə güzəştli kredit şərtlərinin tətbiqi məqsədəuyğun hesab olunur. Təhsil Tələbə Krediti Fondunun vəsaitləri hesabına təhsil tələbə kreditlərinin verilməsi qaydaları Nazirlər Kabinetinin qərarı ilə tənzimlənir. Bu səbəbdən qaydalarda dəyişiklik edilməsi üçün Nazirlər Kabinetinin müvafiq qərarına əlavə və dəyişikliklərin edilməsi kifayət edə bilər. Əmək bazarının təhlili əsasında qaydaların təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması, həmçinin deputatlar və aidiyyəti icra hakimiyyəti orqanları arasında sosial dinləmələrin və ictimai müzakirələrin təşkili mümkün variantlar kimi göstərilir. İlk mərhələdə Fondun büdcə risklərini nəzərə almaqla limitləşdirilmiş kvotalar və ya ixtisasyönümlü prioritetlər əsasında ikinci ali təhsil üçün kredit mexanizminin sınaqdan keçirilməsi təklif olunur. İkinci ali təhsil üçün kredit kanallarının açılmasının həm vətəndaşların peşəkar inkişafına, həm də ölkə iqtisadiyyatının ixtisaslı kadrlarla təmin olunmasına xidmət edə biləcəyini Anar Məmmədov qeyd edib”,-deyə deputat əlavə edib.
Vüsal Artyom











