İranda yazıçı ölüm cəzasına məhkum edilib

İranın Tehran İnqilab Məhkəməsi iranlı yazıçı və illüstrator Mehdi Bəhməni ölüm cəzasına məhkum edib.

Bu barədə RadioFarda məlumat yayıb.

Mehdi Bəhmənin etiraz aksiyasında saxlandığı bildirilir və vurğulanır ki, yazıçı həbs olunmazdan əvvəl oktyabrın 11-də İsrailin Kanal-13 televiziyasına müsahibə verib. Amma xəbərlərdə Bəhmənə qarşı irəli sürülən ittihamların təfərrüatlarının açıqlanmadığı qeyd olunur

Xəbərdə bildirilir ki, Mehdi Bəhmən İsrail televiziyasına müsahibəni, aprel ayında kitablarından birinin ivrit dilinə tərcümə olunması üçün israilli qadına müraciətindən sonra verib.

O da bildirilir ki, Mehdi Bəhmən müsahibəsində İslam Respublikasını insanların həyatına şəriət qanunlarını tətbiq etdiyinə görə tənqid edib.

Həmçinin bildirilir ki, yazıçı müsahibəsində öz müşahidələrinə görə, İran xalqının İsrail və dünyadakı yəhudilərlə problemi olmadığını və iki ölkə arasında münasibətləri normallaşdırmaq istədiyini deyib.

Dini yaxınlıq tədqiqatçısı olan Mehdi Bəhmənin həm də Tövrat, Zəbur və İncil kitabları ilə bağlı illüstrasiyalar çəkdiyi bildirilir.

İran İslam Respublikasının hakimiyyət orqanları uzun müddətdir ki, İsraili öz ərazisində gizli əməliyyatlarda ittiham edir. Tehran bu yaxınlarda İsrail və Qərb kəşfiyyat agentliklərini 1979-cu il İslam İnqilabından sonra ən böyük anti-hökumət etirazları yaratmaq cəhdində ittiham edib.

İranda etirazlar sentyabrda kürd azlığından olan 22 yaşlı Məhsa Amininin ölümündən sonra başlayıb.

Aminini əxlaq polisi baş örtüyünü açma ittihamı ilə saxlayıb. O, polis bölməsindən xəstəxanaya aparılıb və bir neçə gün sonra orada vəfat edib.

Etirazçılar onun ölüm səbəbinin döyülmə olduğunu düşünürlər.

Bu hadisədən sonra paytaxt Tehran da daxil olmaqla ölkənin hər yerində polis zorakılığına və daha geniş mənada İran hakimiyyətinin fərqli fikirlərə qarşı mübarizəsinə, hazırkı İran ali rəhbəri ayətüllah Əli Xameneyinin devrilməsi və ölkənin demokratikləşməsi uğrunda etirazlar başlayıb.

Hökumətin ictimai nümayişçilərə və müxaliflərə qarşı basqısı nəticəsində bir neçə min nəfər, o cümlədən jurnalistlər, hüquqşünaslar, aktivistlər, hüquq müdafiəçiləri və hökumətə qarşı çıxan digərləri həbs edilib.

Qanunvericilər etirazçılar üçün ölüm hökmü də daxil olmaqla, ağır cəzaların verilməsini tələb edərək daha kəskin reaksiya tələb ediblər.

İranda etiraz hərəkatı başlanandan bəri 62 uşaq da daxil 500-dən çox adam öldürülüb.

RadioFarda-nın məlumatına görə, son üç ayda ən azı 44 iranlı etirazçı “Allaha qarşı müharibə aparmaq” ittihamı ilə təqsirləndirilib ki, bu da ölümlə cəzalandırılır.

Gununsesi.info