Məhkəmə Almaniyadan deportasiya edilmiş fəalın həbs müddətini azaldıb

Martın 16-da Bakı Apellyasiya Məhkəməsi   Almaniyadan deportasiya edildikdən sonra narkotik maddə işi üzrə həbs olunmuş fəal Cəfər Mirzəyevin şikayətini qismən təmin edib.

Gununsesi.info xəbər verir ki, məhkəmə azadlıqdan məhrumedilmə müddətini 6 ildən 5 ilə endirib, vəkil Nemət Kərimli Turan-a bildirib.

O  qeyd edib ki, Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin nöqsanlarını aradan qaldırmayıb.

“Cinayət işində kifayət qədər ziddiyyət var və əlaqə yoxdur. Əsas çatışmazlıq narkotik maddələrin götürülməsinə dair natamam videodur. Videonun bir hissəsi silinib, odur ki, qeydlər sübut ola bilməz. Bu, cinayət işinə xitam vermək üçün kifayət idi”, – vəkil deyib.

Bundan əlavə, məhkəmə polisin əməliyyat-qeydiyyat jurnalını təqdim etməsilə bağlı müdafiə tərəfinin vəsatətini təmin etməyib.

“Cinayət işində iddia edilir ki, guya Cəfər Mirzəyevin narkotik maddə satması ilə bağlı polisə operativ məlumat daxil olub. Əgər bu, doğrudursa, əməliyyat-qeydiyyat jurnalında müvafiq qeyd var. Ancaq aydındır ki, belə bir qeyd yoxdur, buna görə məhkəmə bu jurnalı istəmədir”, – vəkil deyib.

Mirzəyev məhkəmədə bildirib ki, siyasi fəaliyyətinə görə, Almaniyada Azərbaycan hökumətinin siyasətinə qarşı etirazlarda iştirakına görə həbs edilib.

Vəkil deyib ki, Apellyasiya Məhkəməsinin qərarından kassasiya şikayəti veriləcək.

Cəfər Mirzəyev 2021–ci ilin sonu-2022-ci ilin əvvəlində Almaniyadan deportasiya edildikdən sonra narkotik maddə alveri ittihamı ilə həbs olunan dörd fəaldan biridir. Almaniyadan deportasiya edilmiş digər  fəal başqa ittihamla həbs edilib. Hüquq müdafiəçiləri onları siyasi məhbuslar kimi tanıyıblar.

Hüquq-müdafiə qurumlarının məlumatına görə, bu həbslərin əsl səbəbi Azərbaycanda siyasi məhbusların azad edilməsi tələbilə Avropada keçirilən etiraz aksiyalarında siyasi mühacirlərin iştirakıdır.

Cəfər Mirzəyev 25 noyabr 2021-ci ildə Almaniyadan deportasiya edilib və yanvarın 27-də Bakıda həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi (külli miqdarda narkotik maddə alveri) ilə ittiham irəli sürülüb.

Gununsesi.info