Bəzi cəmiyyətlər dəyişməyi inkişaf vasitəsi kimi, bəziləri isə mövcud nizamı qorumağın daha incə üsulu kimi qəbul edir.
Kənardan baxanda hərəkət var, islahat var, yenilənmə var. Amma mahiyyət dəyişmir.
Dəyişiklik yalnız formaya toxunur, düşüncə isə əvvəlki kimi qalır.
Elə buna görə də bəzən bir roman qəhrəmanının söylədiyi fikir bütöv bir coğrafiyanın siyasi və mədəni taleyini izah etmək gücünə malik olur.
Gununsesi.info məsələyə dair şair Aqşin Yeniseyin yazısınl təqdim edir:
“Şərq – başda Rusiya olmaqla – italyan yazıçısı Cuzeppe Lampeduzanın “Leopard” romanındakı şahzadənin “hər şeyi o qədər az dəyişdir ki, hər şey tamamilə olduğu kimi qalsın” tövsiyyəsinə uyğun bir yol seçib.
Elə dəyişməli ki, hər şey olduğu kimi qalsın. Yadınızdadırsa, bu yaxınlarda belə bir suala cavab yazacağımı söyləmişdim: “Nə üçün biz elmin elmilik, sənətin dünyəvilik, fəlsəfənin bəşərilik prinsipini özümüzin millilik prinsipimizə qurban veririk.
Çünki seçdiyimiz yol bunu tələb edir. Əgər elmin elmilik, sənətin dünyəvilik, fəlsəfənin bəşərilik prinsipini seçsək, hər şeyi o qədər az dəyişdirə bilməyəcəyik ki, hər şey tamamailə olduğu kimi qala bilsin.
Millilik prinsipi tam bizə görədir, bu prinsip elə dəyişdirir ki, heç bir dəyişiklik hiss olunmur. Saç kəsdirmək kimi ötəri bir dəyişiklik yəni.
Hiss olunan dəyişiklik üçün yeni bir nəsil yetişməlidir və o nəsil marksistlərin də çox sevdiyi İsa peyğəmbərin “buraxın, ölülər ölülərini dəfn etsinlər” sözləriylə yola çıxmalıdır.
1918-də belə bir nəsil yetişdi Azərbaycanda, amma Rusiya, İran, Türkiyə kimi tarixi olub, tarix şüuru olmayan ölkələrin mühasirəsində çox yaşaya bilməzdi, bilmədi.
Tarix şüurunun işi tarixi təcrübəni gələcəyin qurulmasında istifadə etməkdir. Adını çəkdiyim ölkələrdə isə nəzərəçarpan dəyişiklik ənənəvi olaraq yalnız hərb sahəsində baş verir.
Yəni insan özü Koroğlu olaraq qalır, sadəcə, qılıncla deyil, “Bayraktar”la döyüşür. Və bu döyüş cəmiyyətin həyatına heç bir yenilik gətirmir, yalnız xronologiyaya daha bir səhifə əlavə olunur.
Cəmiyyətin özü də buna vərdiş edib: sən əbəlfəz, elə dəyişək ki, hər şey tamamilə olduğu kimi qalsın. Fərqli düşüncə hədəfinə çatmadan yarıyoldaca xalq tərəfindən daş-qalaq edilir.
Mənim nə ümidim, nə ümidsizliyim heç vaxt şəxsi olmayıb”.
Elmar
Gununsesi.info












