Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu xətti üzrə sərnişin daşımalarının gündəmdə olmaması ilə bağlı səsləndirilən fikirlər ictimai müzakirələrə səbəb olub.
Gununsesi.info-ya danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, BTQ layihəsi Azərbaycanın təşəbbüsü və maliyyə dəstəyi ilə həyata keçirilən regionun ən mühüm nəqliyyat layihələrindən biridir.
Onun sözlərinə görə, layihə ilk dəfə təqdim olunarkən bir sıra beynəlxalq maliyyə qurumları onu maliyyələşdirməkdən imtina etmiş, əsas arqument kimi isə Ermənistanın regional təcridinin dərinləşə biləcəyini göstərmişdilər.
Buna baxmayaraq, layihə reallaşdırılıb və hazırda BTQ xətti regionun əsas logistik marşrutlarından birinə çevrilib.
İqtisadçı qeyd edib ki, xətt üzrə yükdaşımaların həcmi artır, marşruta maraq göstərən ölkələrin və şirkətlərin sayı çoxalır, BTQ isə Orta Dəhlizin vacib elementlərindən biri kimi çıxış edir.
Natiq Cəfərli diqqətə çatdırıb ki, Rövşən Rüstəmov tərəfindən səsləndirilən “BTQ ilkin mərhələdə sərnişin daşımaları nəzərə alınaraq planlaşdırılsa da, hazırda ölkələr arasında bu istiqamətdə konkret plan mövcud deyil” fikri müəyyən suallar yaradır.
Onun fikrincə, əgər layihə başlanğıcda sərnişin daşımaları üçün də nəzərdə tutulubsa, bu potensialın reallaşdırılması istiqamətində təşəbbüslərin irəli sürülməsi və tərəfdaş ölkələrlə konkret planların hazırlanması mümkündür.
İqtisadçı hesab edir ki, gələcəkdə BTQ xətti üzrə beynəlxalq sərnişin qatarlarının fəaliyyətə başlaması regionun turizm və nəqliyyat imkanlarının genişlənməsinə əlavə töhfə verə bilər.
O bildirib ki, marşrut üzərindən həm Cənubi Qafqaz ölkələri arasında, həm də Mərkəzi Asiya ilə Avropa arasında yeni sərnişin marşrutlarının formalaşdırılması üçün perspektivlər mövcuddur.
Natiq Cəfərli vurğulayıb ki, BTQ-nin potensialından tam istifadə olunması üçün yükdaşımalarla yanaşı, sərnişin daşımalarının inkişafı istiqamətində də uzunmüddətli strategiyanın hazırlanması məqsədəuyğun olardı.
Elmar











