Paşinyan:” KTMT bel bağlanası qurum deyil”

Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin niyə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olaraq qalması ilə bağlı suala cavabı olmadığını deyib.

Gununsesi.info xəbər verir ki, Paşinyan Britaniya mətbuatına müsahibəsində deyib ki, KTMT 2021 və 2022-ci illərdə Azərbaycanın Ermənistana hücumu zamanı (Azərbaycan bunu inkar edir) sərhədlərin delimitasiya olunmadığını əsas gətirərək cavab mexanizmlərini işə salmayıb: “Bu o deməkdir ki, onlar KTMT-nin mövcud olmadığını deyirlər, çünki, məsələn, Rusiya ilə Yaponiya arasında sərhəd delimitasiya olunmayıb”.

Onun sözlərinə görə, KTMT üzv ölkələrin, Rusiya, Ermənistan və digərlərinin bel bağlaya biləcəyi mexanizm kimi mövcud deyil. “Cəmiyyətimiz bizə deyir ki, niyə KTMT-nin üzvü olmağa davam edirsiniz? Düzünü desəm, bu suala cavabım yoxdur”.– Paşinyan bildirib.

Paşinyan britaniyalı jurnalistlərə müsahibəsində Azərbaycandan Ermənistan ordusunun islahı və modernləşdirilməsi ilə bağlı bəyanatların ölkəsində yaratdığı narahatlıqdan danışıb. Baş nazirin sözlərinə görə, heç bir ölkə başqa ölkənin döyüşə hazır orduya malik olmaq hüququna etiraz edə bilməz: “Döyüşqabiliyyətli ordunun olması sülh, qüvvələr balansının düzgün formalaşması üçün də vacibdir”. “Biz müharibəyə hazırlaşmırıq, sülhə hazırlaşırıq, lakin digər tərəfdən, Ermənistan Respublikasının hücuma məruz qalmayacağına əmin olana qədər, təbii ki, müdafiə qabiliyyətimizi inkişaf etdirməliyik”, – o, sözlərinə əlavə edib.

Baş nazir vurğulayıb ki, Ermənistan hazırda demarkasiya prosesinə daxil olur və bu, xüsusilə təhlükəsizlik risklərinin azaldılması baxımından son dərəcə vacibdir. KTMT-ə Ermənistandan başqa Rusiya, Belarus, Tacikistan, Qazaxıstan və Qırğızıstan daxildir.

 

 

Şəbnəm

Gununsesi.info