Təhsil Nazirliyi Ramiz Mehdiyevin oğluna tender verməsinə haqq qazandırır - RƏSMİ

  • By admin
  • 01 May 2022 21:06

Təhsil Nazirliyi Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin oğluna məxsus şirkətə tender verməsinə dair Gununsesi.info-nun xəbərinə   münasibət bildirib.

Qeyd edək ki, saytımızın “Emin Əmrullayev Ramiz Mehdiyevin oğluna tender verdi” başlıqlı xəbəri böyük rezonansa səbəb olub.

Ayrı-ayrı ictimaiyyət nümayəndələri gənc nazir Emin Əmrullayevin mövcud hakimiyyətlə konfrantasiya vəziyyətində olan Ramiz Mehdiyevə qarşı bu jestini tənqid edib.

Nazirliyin mətbuat katibi Cəsarət Valehov isə bu gün yaydığı açıqlamasında burada qanunsuz bir halın olmadığını deyib:

““Şərq-Qərb” ASC-nin Təhsil Nazirliyinin açıq tenderlərində iştirak etməsi və bu tenderlərin birində qalib gəlməsi ilə bağlı nəzərə alınmalıdır ki, tenderlərin keçirilməsi “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. İstənilən hüquqi və ya fiziki şəxs bu qanunun 6.2.-ci maddəsində nəzərdə tutulmuş ixtisas uyğunluğu meyarlarına cavab verirsə, tenderlərdə iştirak edə bilər.

“Şərq-Qərb” ASC digər müəssisələr kimi göstərilən tələbləri ödədikdən sonra tenderlərdə iştirak etmişdir. Xatırladırıq ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmayan meyarların, o cümlədən, təsisçilərlə bağlı tələblərin tenderlərin iştirak şərtlərinə daxil edilməsi qanunla qadağandır”.
Gülnar Məmmədli
Gununsesi.info