Son vaxtlar doğum günü, toy, nişan və digər özəl günlər üçün hazırlanan dəvətnamələrin üzərində mətnlərin ingilis dilində yazılması tamamən adı bir hala çevrilib.
Bu ənənə xüsusilə şou-biznes nümayəndələri arasında daha çox diqqət çəkir.
Xarici dillərə maraq anlaşılan olsa da, dövlət səviyyəsində Azərbaycan dilinin qorunması və təbliği ilə bağlı çağırışların artdığı bir dövrdə bu məsələ cəmiyyətdə müzakirələrə səbəb olur.
Maraqlıdır, özəl günlərdə xarici dilə üstünlük vermək nə dərəcədə doğrudur?
Mövzu ilə bağlı Gununsesi.info -ya danışan araşdırmaçı jurnalist Rəsul Mirhəşimli bildirib ki, Azərbaycan dili xalqımızın düşüncə tərzini, mədəni irsini və tarixi yaddaşını nəsildən-nəsilə daşıyan əsas vasitədir.

O vurğulayıb ki, bu dil təkcə ünsiyyət vasitəsi deyil, həm də milli kimliyimizin simvoludur və insanların gündəlik həyatında, ədəbiyyatda, musiqidə, eləcə də rəsmi və sosial sahələrdə dərin rol oynayır.
Onun sözlərinə görə, dilin zənginliyi və ifadə gücü xalqımızın mədəniyyətini dünyaya tanıdır və qlobal məkanda özünəməxsus yerini qoruyur.
O qeyd edib ki, müasir dövrdə qloballaşmanın və texnologiyanın təsiri ilə Azərbaycan dilinə yad ifadələrin daxil olması getdikcə artır.
“Bu tendensiya yalnız sosial şəbəkələrdə və reklam materiallarında deyil, toy və nişan dəvətnamələrinin də ingilis dilində yazılmasında özünü göstərir. Bu, doğma dilə diqqətsizliyin açıq göstəricisidir və milli şüurun zəifləməsi ilə bağlıdır. İnsanlar bəzən yad ifadələrdən istifadə edərək sosial statuslarını yüksəltmək və ya “modern” görünmək istəyirlər, lakin əslində bu, özündə bir natamamlıq kompleksini əks etdirir”, – deyə o əlavə edib.
Jurnalist bildirib ki, Bakıda və ölkənin regionlarında reklam lövhələrində, obyektlərin adlarında əcnəbi sözlərin yazılışına tez-tez rast gəlinir. Onun sözlərinə görə, bu münasibət təkcə savadsızlıq göstəricisi deyil, eyni zamanda, natamamlıq kompleksinin əlamətidir.
“Hər bir vətəndaş doğma dilimizin daşıyıcısıdır, bu dilin qorunması təkcə rəsmi qurumların deyil, hər bir insanımızın vəzifələri sırasına daxildir.
Yad sözlərin gündəlik ünsiyyətdə üstünlük təşkil etməsi həmçinin, insanların psixoloji durumunun bir əlamətidir. Bu hal fərdlərdə sosial uyğunlaşma ehtiyacı ilə bağlıdır. İnsanlar düşünürlər ki, xarici ifadələr onları daha prestijli və qəbul olunmuş edəcək, lakin bu, milli kimliyin önəmli bir hissəsi olan doğma dilin dəyərini azaldır. Bu davranış həm də əcnəbi dilə yersiz şəkildə yarınmaq halını ortaya qoyur.
Lakin bəzi vətəndaşlar anlamırlar ki, Azərbaycan dili türk dilləri ailəsində ən zəngin dillərdən biridir, bu dildə danışmaq, bu dilin təəssübünü çəkmək hər bir fərdə baş ucalığı gətirər”, – deyə o əlavə edib.
R.Mirhəşimli vurğulayıb ki, Azərbaycan dilinin qorunması yalnız fərdi məsuliyyət tələb etmir, həm də dövlətin, təhsil və medianın aktiv rolunu zəruri edir:
“Məktəblərdə və universitetlərdə dilin önəmi haqqında maarifləndirmə aparılmalı, ictimai və rəsmi məkanlarda dilin düzgün istifadəsi təmin edilməlidir. Televiziya, radio və sosial mediada milli dilin təbliği gücləndirilməli, eyni zamanda mədəni təşəbbüslərlə gənclərin dilə marağı artırılmalıdır.
Lakin telekanallarda nümayiş olunan bəzi verilişlərdə, xüsusilə şou-biznes məzmunlu proqramlarda bunun əksini müşahidə edirirk. Bu verilişlərə bir çox hallarda savadı və nitq qabiliyyəti çox aşağı səviyyədə olan müğənnilər dəvət olunur, bu tipli verilişlərin məzmunu Azərbaycan dilinin qaydalarının pozulması, rus və başqa əcnəbi sözlərin işlədilməsi ilə müşahidə olunur. Bir çox hallarda isə bu cür verilişlər yad sözlərlə qarışıq olan məişət dili ilə nümayiş olunur. Halbuki yazılı media ilə yanaşı, viziual medianın da əsas vəzifələrində biri maarifləndirmək olmalıdır.
Bəzi hallarda televiziyaya dəvət olunan qonaqlar ləhcə və dialektlərdə danışır və bu davranışlarında haqlı olduqlarına israr edirlər. Azərbaycan dili ləhcə, dialekt və şivələri ilə gözəldir, lakin ədəbi dilin normalarından yayınmaq üçün televiziyalar meydan deyil. Bu cür danışıq tərzi regionlararası yersiz mühabisələri qızışdırır, ortaya xoş olmayan mənzərə çıxır. Bundan əlavə, Azərbaycan dilini öyrənmək istəyən əcnəbilərdə dilimiz barədə təsəvvür yaranır”.
Eyni zamanda, jurnalist qeyd edib ki, hər bir vətəndaşın gündəlik həyatında doğma dilə diqqət yetirməsi vacibdir.
“Sosial şəbəkələrdə və şəxsi ünsiyyətdə yad ifadələrin yerinə Azərbaycan dilinin ifadə imkanlarından istifadə, milli şüurun qorunmasına töhfə verir. İnsanlar toy və nişan dəvətnamələrində ana dilimizi seçərək həm mədəni dəyərləri yaşadır, həm də özlərini və yaxınlarını milli kimliklə birləşdirirlər.
Dilimizin qorunması üçün müasir texnologiyadan da faydalanmaq mümkündür. Rəqəmsal tətbiqlərdə və proqramlarda Azərbaycan dilinə üstünlük verilməsi, onlayn platformalarda milli ədəbiyyatın təşviqi və virtual yarışmaların təşkili gənclərin dilə marağını artıran effektiv yollardandır. Bu cür təşəbbüslər həm də dilin gündəlik istifadəsini dəstəkləyir və onun dəyərini yüksəldir.
Azərbaycan dilinə sayğı milli kimliyə sayğı deməkdir. Onu qorumaq yalnız sözləri qorumaq deyil, həm də xalqımızın mədəniyyətini, tarixi yaddaşını və milli şüurunu yaşatmaq deməkdir”, – deyə o, fikirlərini yekunlaşdırıb.
Şəbnəm Rəhimova












