“Ukraynanın və Avropanın təhlükəsizliyi ABŞ-dan asılıdır” -DEPUTAT

Son günlər beynəlxalq gündəmin əsas mövzusu Ukraynadakı müharibənin gələcəyi və bu prosesdə böyük dövlətlərin roludur.

ABŞ, Avropa İttifaqı və Rusiyanın mövqeləri, eləcə də Trampın mümkün qayıdışı fonunda Ukrayna ilə bağlı müzakirələr yeni mərhələyə qədəm qoyur.

Görəsən, Ukraynanın təhlükəsizliyi ilə bağlı məsələlər, əslində, Avropanın təhlükəsizliyinin də ABŞ-dan asılı olduğunumu göstərir?

Gununsesi.info-ya danışan Milli Məclisin deputatı Elçin Mirzəbəyli mövzunu belə şərh edib:

“Bu görüş Zelenskiyə ABŞ və Qərb ölkələrinin Ukraynaya dəstəyini bir daha təsdiqlətmək imkanı yaradır. Vaşinqtondakı danışıqlar əsasən Ukraynanın hərbi və siyasi mövqeyinin gücləndirilməsinə xidmət edir. Bununla belə, yaxın zamanda sülhün əldə olunması real görünmür.

Ən diqqətçəkən məqamlardan biri Ukraynanın təhlükəsizliyi ilə bağlı məsələlərin eyni zamanda Avropanın təhlükəsizliyinin də ABŞ-dan asılı olduğunu göstərməsidir.

Bu asılılıq Avropa liderlərinin Trampın qapısı önündə ard-arda gözləməsində də açıq şəkildə üzə çıxdı. Mənim fikrimcə, bundan əvvəl səslənən mülahizələr ümumilikdə Tramp, Zelenski və Putin arasında mümkün görüşün bəzi məqamlarını anlamaq üçün kifayət qədər aydınlıq gətirir”.

Putin, Zelenski və Tramp görüşünün baş tutma ehtimalı isə olduqca böyükdür:

“Bu görüş, heç olmasa aralıq mərhələdə qısa müddətli atəşkəsin əldə olunmasına və danışıqlar prosesinin yenidən başlanmasına imkan yarada bilər”.

Şəbnəm 

Gununsesi.info