“Universitetlərin yataqxana təminatı aşağı səviyyədədir” -DOSENT AYDINLIQ GƏTİRDİ

Azərbaycanda tələbələrin yataqxana təminatı hələ də müzakirə mövzusudur. Bakı şəhərində mövcud yataqxanalar tələbələrin yalnız kiçik bir qismini əhatə edir.

Kirayə mənzillərin və təhsil haqqının artması valideynlər üçün əlavə yük yaradır. Universitetlərin şəhərdən kənara köçürülməsi və distant təhsil imkanları ilə bağlı fikir mübadilələri uzun illərdir davam edir.

Gununsesi.infoya danışan dosent İlham Əhmədov mövzunu belə şərh edib:

“Bakı şəhərində universitetlərin yataqxana təminatı aşağı səviyyədədir. Çox az universitetin yataqxanası var və mövcud yataqxanalar da tələbələrin 5- 10 faizini təmin edə bilir. Təxminən, universitetlərin yalnız 10 faizində yataqxana mövcuddur.

Bu sahədə durum ciddir, bu böyük problemdir, çünki Bakı şəhərində kirayə mənzillərin və təhsil haqqının qiyməti günbəgün artır. Nəticədə valideynlər üçün maddi yük ağırlaşır. Onlar övladlarının təhsil haqqı, nəqliyyat xərcləri, kirayə, qidalanma və digər ehtiyaclarını ödəməkdə çətinlik çəkirlər.

Kirayədə qalan tələbələrin əksəriyyəti regionlardan gəlir. Məlumdur ki, regionlarda əhalinin maddi vəziyyəti Bakıya nisbətən aşağıdır. Problemin həlli isə universitetlərin daxili imkanları ilə mümkün deyil.
Bakı şəhərində boş torpaq sahəsi demək olar ki, yoxdur. Əgər universitetə Qaradağ rayonunda yataqxana tikməyə tirpaq ayırsalar belə, tələbələrin ordan şəhərə-universitetə gedib-gəlməsi çətinlik yaradacaq.
Bakı şəhərində nəqliyyat tıxacları da bir başqa problemdir.

Universitetlərin şəhərdən kənara köçürülməsi mövzusu da müzakirə edilir. Bu müzakirələr 15 il əvvəl də vardı, sonra mövzu qapandı. Son vaxtlar bu mövzu yenidən aktivləşib. Əvvəlki müzakirələrdə universitet kampuslarının Bakı ətrafında yerləşdirilməsi nəzərdə tutulurdusa, indi regionlara, o cümlədən Qarabağ və Zəngəzur bölgələrinə köçürülməsi məsələsi müzakirə olunur. Bu isə ciddi əlavə problemlər yaradır”.

İlham Əhmədovun sözlərinə görə, universitetlərin bütün professor və müəllim heyətinin regionlara köçməsi də çox çətin prosesdir:

“Onların məişətinin təşkil olunması və ailələrinin yerləşdirilməsi problem yaradacaq; ailə Bakıda yaşayacaq, ailənin bir üzvü digəri regionda işləməli olacaq. Bu isə ailələrə əlavə çətinliklər yaradır.

Bu problemin həllində maliyyə məsələsi də mühüm rol oynayır. Kampusların şəhərdən kənara köçürülməsi və yeni kampusların tikilməsi çox böyük investisiyalar tələb edir. Hazırda əsas maliyyə vəsaitləri Qarabağın yenidən qurulmasına yönəldildiyi üçün universitetlər üçün kampus tikintisi asan olmayacaq. Universitetlərin öz maliyyə imkanları isə buna yetərli deyil, dövlət dəstəyi isə hələ müəyyən deyil. Buna görə də problem hələ də açıq qalır.

Son 20 il ərzində dəfələrlə təklif etmişik ki, başqa ölkələrdə olduğu kimi, Azərbaycanda da universitetlərdə distant təhsil sistemi yaradılsın. Distant təhsil tətbiq olunsa, regionlardan gələn tələbələr onlayn oxuya bilər və bu təhsil keyfiyyətcə əyani təhsildən geri qalmayacaq. Beləliklə, onların nəqliyyat xərcləri azalacaq, təhsil haqqı daha münasib olacaq.

Eyni zamanda, Bakıda yaşayan tələbələr də hər gün dərsə gəlmək məcburiyyətində qalmayacaq. Onlar distant və ya hibrid təhsil ala bilər: məsələn, həftədə iki gün universitetə gəlir, qalan günləri isə onlayn dərs keçirlər”.

Dosent fikrincə, süni intellektin inkişafı, internet sürətinin artması və onlayn təhsilin dünyada populyarlaşması göstərir ki, təhsil menecerləri artıq 20 illik mənasız inadkarlıqdan, təhsilə ziyanlı olan bu mövqedən əl çəkib, ölkədə distant təhsil sistemi yaratmalıdırlar:

“Bir başqa məsələ də budur ki, bizim təhsil menecerləri universitetlərdə distant təhsil sistemi qurmağı bacararlarmı? Yox. Onların buna nə biliyi, nə də təcrübəsi yetməz. Amma ölkədə bu işləri bilənlər az da olsa var, amma menecerlər təhsildə inkişafa meylli olmadıqları üçün, heç bir əməkdaşlıq da etmirlər.

Müqayisə üçün deyə bilərəm ki, bu il İqtisadiyyat Nazirliyi 200.000 Azərbaycan vətəndaşının peşə kurslarında təlim keçməsi üçün şərait yaradıb. Mən bu təşəbbüsü alqışlayıram və dəstəkləyirəm. Belə imkanlar sayəsində insanlar, xüsusilə uzaqda yaşayan və işləyənlər, onlayn şəkildə təlim alır, müasir peşələr üzrə biliklər qazanır və beynəlxalq sertifikat əldə edirlər.

Bu təşəbbüsü genişləndirmək və əvvəlki illərdə olan səhvlərdən dərs almaq vacibdir. Təhsil sistemimizdə belə problemlər çoxdur və bunlardan biri də distant təhsilin yaradılmasına olan maneələrdir. Distant təhsil tətbiq edilərsə, həm yataqxana problemi, həm də digər çətinliklər effektiv şəkildə həll olunar”.

 

Şəbnəm Rəhimova

Gununsesi.info