Xəbər verdiyimiz kimi, 2025-ci ilin iyul ayının 1-dən etibarən Azərbaycanda sosial müavinətlər və müxtəlif təqaüd növlərinin məbləğləri artırılıb.
Hökumətin sosial dəstək tədbirləri çərçivəsində həyata keçirilən bu artımlar, əhalinin müxtəlif təbəqələrinin rifah halının yaxşılaşdırılmasına yönəlib.
Eyni zamanda 2025-ci il sentyabrın 1-dən doktorantlar, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan tələbələrin aldıqları təqaüdlərin məbləğləri də artırılması nəzərdə tutulub.
Bu tədbirlər çərçivəsində yaxın vaxtlarda müharibə veteranlarına verilən təqaüdlərin (90 manat) də artırılması ilə bağlı ictimaiyyətdə müəyyən gözləntilər formalaşıb.
Məsələ ilə bağlı Gununsesi.info-ya danışan Milli Məclisin deputatı Azər Badamov bildirib ki, 2018-2025-ci illərdə Azərbaycanda 5 sosial paket icra olunmuşdur:

“Bu sosial paketlərin icrası üçün müavinət və təqaüdlərin ödənişlərinə ayrılan vəsait 5 dəfə artmışdır. Cari ilin əvvəlindən reallaşdırılan növbəti sosial islahat paketi üzrə ümumilikdə 3 milyon insana yönələn əməkhaqqı, pensiya, müavinət və təqaüdlər artırılıb və bu artımlar üçün illik əlavə olaraq 1,4 milyard manat ayrılıb. O cümlədən bu ilin 1 iyulundan başlayaraq sosial müavinətlər, fəxri adlar və pensiyalar artırılmışdır”.
Deputat vurğulayıb ki, veteran pulu sosial müavinətlər qrupuna aid məsələ deyil:
“Cəmiyyətdə müzakirə olunan məslələrdən biri də veteran pulunun artırılması ilə bağlıdır. Veteran pulu sosial müavinətlər qrupuna aid məsələ deyil. Bu vəsait müharibədə iştirak edən hər bir şəxsə dövlət başçımız tərəfindən ayrıca bir fərmanla müəyyən olunmuş məbləğdir. Həm də veteran pulu insanın hər hansı bir fiziki məhdudiyyətliyliyinə görə verilən vəsait deyil. Hesab edirəm ki, sağlam insan gözünü veteran puluna dikib yaşmamalıdır. Yəni veteranlar fiziki sağlam olduğuna görə zəhmətlə qazanıb bütün vətəndaşlar kimi yaşamalıdırlar. Veteran pulu isə sadəcə dövlət başçımızın müharibə iştirakçılarına verdiyi dəyər kimi qeyd edə bilərik.
Sağlamlığını itirimiş müharibə iştirakçılarına isə əlillik müəyyən olunaraq pensiyalar təyin edilir və ödənilir. Veteran pulu sadəcə fiziki sağlam, əmək qabiliyyətli şəxslərə, ancaq müharibə iştirakçısı olduğuna görə ödənilən vəsaitdir. Ona görə də, bu vəsait sosial müavinətlər kateqoriyasına daxil olunmur. Bu baxımdan veteran pulunun artırılması dövlət başçısının müstəsna səlahiyyətində olan məsələ olduğunu qeyd etmək istəyirəm. Həm də dövlətin iqtisadi imkanları gücləndikcə dövlət başçımızın sərəncamları ilə bütün ödənişlər artırılır. O cümlədən, gələcəkdə veteran pulunun artırılması da mükündür”.
Gununsesi.info-ya danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, bu qərar ölkədə insan kapitalının inkişafına xidmət edən ardıcıl siyasətin tərkib hissəsi kimi qiymətləndirilməlidir:

“2025-ci il iyulun 1-dən Prezident İlham Əliyevin imzaladığı fərmanla ölkədə sosial müavinətlər və təqaüdlərdə növbəti dəfə artımlar həyata keçirildi. Eyni fərmanda 2025-ci ilin sentyabrın 1-dən etibarən doktorantlar, ali, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan tələbələrin də aldıqları təqaüdlərin artırılması qərara alınıb. Bu qərar ölkədə insan kapitalının inkişafına xidmət edən ardıcıl siyasətin tərkib hissəsi kimi qiymətləndirilməlidir. Prezidentin sosial rifaha, xüsusilə təhsilə yönəlik bu addımı birbaşa siyasi iradə və məsuliyyət nümunəsidir. Dövlət başçısının təhsilə göstərdiyi diqqət və qayğı statistik faktlar və hüquqi əsaslarla öz təsdiqini tapır. Lakin bu siyasi iradənin sahibsiz qaldığı, Elm və Təhsil Nazirliyinin isə bu istiqamətdə konseptual proqram və strateji baxış sərgiləyə bilmədiyi reallıq olaraq qalır.
Azərbaycan Respublikasının Prezidenti son illər ərzində dəfələrlə çıxışlarında vurğulayıb ki, ölkənin gələcəyi təhsilin keyfiyyətindən keçir. Təhsilin maliyyələşdirilməsi və tələbələrin sosial müdafiəsi bu siyasətin əsas hədəflərindəndir. 2023-cü ilin dövlət büdcəsindən təhsilə ayrılan vəsait 4,4 milyard manat təşkil edib ki, bu da ümumi büdcənin 13,5 faizini əhatə edir. 2024-cü il üçün bu rəqəm 5 milyard manata yaxınlaşdırılıb. Bu artım yalnız struktur xərclərlə deyil, həm də insan resurslarına yönəlmiş addımlarla müşahidə olunur. 2022-ci ildə tələbə təqaüdləri üçün dövlət büdcəsindən ayrılan vəsait 91 milyon manat olduğu halda, bu məbləğ 2024-cü ildə 140 milyon manata yaxınlaşıb”.
Kamran Əsədov bildirir ki, prezidentin bu qərarları struktur səviyyəsində idarəedicilər tərəfindən ardıcıl və səmərəli şəkildə izah edilmir:
“Prezidentin 2025-ci ilin sentyabrından etibarən tələbələrin təqaüdlərinin yenidən artırılması barədə fərmanı, əslində, Azərbaycanın insan kapitalına olan münasibətini strateji kontekstdə dəyişdirməyə yönəlib. Həmin qərar, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 6.2-ci maddəsinə – “dövlətin təhsilin inkişafına, maddi-texniki bazasının möhkəmləndirilməsinə, müəllim və tələbələrin sosial müdafiəsinə təminat verir” müddəasına tam uyğun gəlir. Təqaüdlərin artırılması tələbələrin sosial vəziyyətinin yaxşılaşdırılması ilə yanaşı, onların təhsilə olan marağını artırmaq, vaxtını təhsil və inkişaf yönündə istifadə etməsinə stimul vermək məqsədi daşıyır.
Amma problem ondadır ki, Prezidentin bu qərarları struktur səviyyəsində idarəedicilər tərəfindən ardıcıl və səmərəli şəkildə izah edilmir. Elm və Təhsil Nazirliyi bu prosesdə passiv mövqe tutur. Təəssüf ki, nə mediada, nə də cəmiyyətdə bu təqaüd artımlarının məqsədi, mexanizmi, və ya təhsildə motivasiyaedici funksiyası barədə ciddi maarifləndirmə aparılmır. Təqaüd yalnız maddi ölçü ilə təqdim olunur, lakin onun psixoloji, sosial və akademik təsirləri üzərində elmi izah verilmədiyi üçün qərar öz dəyərini tam ifadə edə bilmir”.
Təhsil ekspertinin fikrincə dünya təcrübəsində tələbələrin sosial rifahının yaxşılaşdırılması, onların akademik nəticələrinə birbaşa təsir edir:
“Dünya təcrübəsinə nəzər saldıqda, tələbələrin sosial rifahının yaxşılaşdırılmasının, onların akademik nəticələrinə birbaşa təsir etdiyini görürük. Məsələn, Almaniyada ali məktəb tələbələrinin orta aylıq təqaüd məbləği 934 avro təşkil edir. Bu məbləğ tələbənin yaşayış, nəqliyyat və təhsil xərclərini qarşılayacaq səviyyədədir. Eyni zamanda təqaüdlər yalnız akademik göstəricilərə deyil, sosial durum və fərdi inkişaf planlarına uyğun olaraq da diferensiallaşdırılır. Finlandiyada isə tələbə sosial müdafiəsi modelinin əsasını “təhsilin pulsuzluğu” deyil, təhsilin zamanı tələbənin sosial qayğıdan azad edilməsi təşkil edir. Bu, həm də təhsilin keyfiyyətinə və tələbənin inkişafına birbaşa təsir göstərir”.
Ekspert vurğulayır ki, Elm və Təhsil Nazirliyi nə təqaüdün psixoloji təsiri ilə bağlı araşdırmalar aparır, nə də təqaüdlərin diferensiallaşdırılması üçün alternativ modellər təklif edir:

“Azərbaycanda hazırda ali məktəb tələbələrinin aldıqları təqaüdlər 75-150 manat arasında dəyişir ki, bu da minimum yaşayış xərclərinin heç 20 faizini belə qarşılamır. Təqaüdlər əsasən semestr nəticələrinə görə müəyyənləşdirilir, lakin burada da şəffaflıq və obyektivlik ciddi suallar doğurur. Təhsil müəssisələrinin öz daxili meyarları ilə qiymətləndirmə aparması təqaüd alanların həqiqi ehtiyac və bacarıq göstəricilərinə uyğun olmaya bilər. Təəssüf ki, bu sahədə vahid dövlət siyasəti yoxdur. Elm və Təhsil Nazirliyi nə təqaüdün psixoloji təsiri ilə bağlı araşdırmalar aparır, nə də təqaüdlərin diferensiallaşdırılması üçün alternativ modellər təklif edir”.
Kamran Əsədov qeyd edir ki, nazirlik struktur islahatları, tələbə təqaüdləri ilə bağlı sosial sorğular həyata keçirmir:
“Elm və Təhsil Nazirliyinin bu sahədə fəaliyyətsizliyi həm də ölkə Prezidentinin iradəsinin operativ tətbiqində gecikməyə səbəb olur. Nazirlik struktur islahatları həyata keçirmir, tələbə təqaüdləri ilə bağlı sosial sorğular keçirmir, nə də ali təhsil müəssisələrinin sosial müdafiə strategiyalarını birləşdirəcək mərkəzi mexanizm qurmur. Halbuki, Prezidentin atdığı bu addımlar strateji hədəfdir, cəmiyyətin sabahına hesablanmış siyasətdir və icraçı qurumlar tərəfindən metodoloji şəkildə izah olunmalı, izlənilməli və dəyərləndirilməlidir.
Nəticə etibarilə, Prezident İlham Əliyevin təhsil alan gənclərə, doktorantlara və sosial həssas qruplara verdiyi dəstək Azərbaycanın sosial dövlət statusunu praktik səviyyədə təsdiqləyən qərarlardandır. Lakin bu iradənin effektiv nəticə verməsi üçün Elm və Təhsil Nazirliyinin passivlikdən çıxması, təhsilə sistemli, analitik və proqnozlaşdırıcı yanaşma ortaya qoyması zəruridir. Yalnız bu halda Prezidentin təhsilə verdiyi dəstək real nəticəyə, cəmiyyətin inkişafına çevrilə bilər. Əks halda, verilmiş qərarlar yalnız kağız üzərində qalar və təhsildə islahat deyil, islahat görüntüsü yaradılar”.
Günel Həsənova













