XİN-in sabiq vəzifəli şəxsi son söz üçün məhkəmədən vaxt istədi

  • By admin
  • 21 Dekabr 2021 19:58

Bakı Ağır Cinayətlər Məhkəməsində Xarici İşlər Nazirliyinin (XİN) İşlər idarəsinin sabiq müdiri Fərhad Mollazadə, Konsulluq idarəsinin vəzifəli şəxsi Səlim Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Gununsesi.info xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxslərin vəkilləri müdafiə çıxışları ediblər.

İlk olaraq təqsirləndirilən F.Mollazadənin vəkili Kamandar Nəsibov müdafiə çıxışı edib. Onun sözlərinə görə, cinayət işi üzrə 2 milyon 500 manat məbləğində dəymiş ziyan müvəkkili tərəfindən ödənilib, həmçinin Fərhad Mollazadə qanunsuz əldə etdiyi pulları özünə sərf etməyib: “Fərhad Mollazadə ifadələrində də dedi ki, mənimsəmə kimi yazılan məbləğ təsərrüfat işlərinə və digər xərclərə sərf olunub. Yəni həmin pullar aidiyyətı üzrə xərclənib”.

Vəkil hökm çıxararkən müvəkkilinin məhkəmə prosesi müddətində rahat ifadə verməsini, istintaqın gedişinə mane olmadığını və dəymiş ziyanı ödədiyini nəzərə almağı məhkəmədən xahiş edib.

Daha sonra digər təqsirləndirilən şəxs Səlim Əlizadənin vəkili Rəşad Mirmehdizadə çıxış edib.

Vəkil çıxışında müvəkkilinə verilən ittihamın onun işlədiyi idarəyə aid olmadığını deyib: “Səlim Əlizadə icraçı olub, ona konkret göstəriş veriblər ki, bu işi gör, o da görüb. Əldə olunan pullara da nazirlik üçün xeyli işlər görülüb. İndi hamının götürdüyü işlər bu iki nəfərin üstündə qalıb”.

Prosesin sonunda təqsirləndirilən Fərhad Mollazadə son söz deyib.

O, əməlindən peşman olduğunu bildirib: “Kamandar Nəsibovun dedikləri ilə tamamilə razıyam. Etdiyim əməldən də çox pesmanam. İnanın ki, mən özüm-özümə cəza vermişəm. Xahiş edirəm qərar qəbul edərkən vəziyyətimi nəzərə alasınız”.

Təqsirləndirilən Səlim Əlizadə son söz üçün məhkəmədən vaxt istəyib.

Qeyd edək ki, ötən prosesdə prokuror F.Mollazadə ilə S.Əlizadənin hər birinin 7 il azadlıqdan məhrum edilməsini istəyib.

Bildirilib ki, təqsirləndirilən şəxslər barəsində seçilmiş ev dustaqlığı ləğv edilməli və məhkəmə zalında həbs olunmalıdırlar.

Xatırladaq ki, XİN-in sabiq işçiləri Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən aparılan cinayət işi üzrə saxlanılıblar. Keçirilən əməliyyat nəticəsində XİN-in İşlər idarəsinin müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Mollazadə, İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə tərəfindən çoxsaylı qanunsuz əməllərə yol vermələrinə əsaslı şübhələr müəyyən edilərək həbs olunublar.

Daha sonra hər iki şəxs barəsində həbs qətimkan tədbiri ləğv olunub və onlar ev dustaqlığına buraxılıblar.

Gununsesi.info