Ərzaq böhranı: Çıxış yolu Üçüncü Dünya Müharibəsidir?

  • By admin
  • 17 İyun 2022 10:00

Bu gün ərzaq böhranı bütün dünyanı təhdid edir. Rusiya-Ukrayna müharibəsi fonunda qıtlıq və inflyasiya pik həddə çatıb. Artıq ərzaq böhranı qaçılmaz hesab olunur. Həyəcan təbili çalan bəzi ekspertlər Üçüncü Dünya Müharibəsini çıxış yolu kimi göstərirlər. Sensasion səslənsə də, bir çoxları hesab edir ki, böhranın qarşısını almaq üçün dünyanın düzənini və əhalini sayını dəyişəcək müharibələr reallaşa bilər.

Dünya əhalisini aclıq və səfalətə sürükləyən ərzaq böhrandanında çıxış yolu Üçüncü Dünya Müharibəsidir? Bu versiya nə qədər realdır?

Bu barədə Modern.az-a danışan iqtisadçı ekspert Asif İbrahimov bildirib ki, Üçüncü Dünya Müharibəsi ilə bağlı müxtəlif qaynaqlardan məlumatlar səslənməkdədir. Hətta bir neçə il öncə də bu barədə fikrilər yayılırdı. Ancaq hazırda dünya iqtisadi və hərbi böhranın astanasındadır, ciddi problemlər mövcuddur.

Onun sözlərinə görə, Rusiya-Ukrayna arasında başlayan müharibə dünya iqtisadiyyatına çox ciddi təsir göstərib və ərzaq qıtlığının yaranmasına səbəb olub:

“Müharibə aparan hər iki ölkə dünyanın taxıl tələbatının 30 faizini ödəyir. Dünyanın taxıl tələbatının təqribən 20 faizi Rusiya, 7-8 faizi isə Ukrayna vasitəsilə təmin edilir. Müharibədən sonra Rusiyaya məhdudiyyətlər tətbiq oldu. Xammal məhsulları Rusiyaya satılmadı, həmçinin Rusiyadan məhsullar alınmamağa başlandı. Bundan başqa, Rusiyanın beynəlxalq valyuta sistemindən çıxarılması üçün addımlar atıldı. Ukrayna isə Qara dəniz vasitəsi ilə dünya bazarına çıxardığı taxılın artıq 95 faizini ixrac edə bilmir. Çünki Qara dəniz sahillərində yerləşən limanların hamısı tamamilə Rusiyanın nəzarəti altındadır. Ukrayna artıq dəniz ölkəsi deyil”.

Ekspert müharibənin Ukrayna iqtisadiyyatına külli miqdarda ziyan vurduğunu sözlərinə əlavə edib:

“Burada söhbət təkcə taxıldan getmir. Şəkər çuğunduru, qarabaşaq və digər məhsulların idxalında da müəyyən problemlər yaşanır. Bundan başqa dağıntılar ölkənin iqtisadiyyatına təsir göstərib. Mən düşünmürəm ki, bu mənada qıtlığın həll yolu Üçüncü Dünya Müharibəsinin baş verməsi olsun. Alternativ tədbirlər, dünya iqtisadiyyatında uyğunlaşdırmalar aparılmalıdır. Dünya bazarında artıq yeni marşrut xətləri müəyyən edilməlidir. Eyni zamanda şimal-cənub, şərq-qərb dəhlizləri inkişaf etdirilməlidir”.

İqtisadçı ekspert Natiq Cəfərlinin fikrincə, klassik anlamda Üçüncü Dünya Müharibəsi ola bilməz. Çünki Üçüncü Dünya Müharibəsi nüvə müharibəsi deməkdir. Ancaq hibrid və vəkalətən müharibələr davam edəcək. Təbii ki, ərzaq problemi bunun tərkib hissələrindən birinə çevrilir.

“Ərzaq böhranı baş verərsə, xüsusilə də, kasıb ölkələrdə Afikada, Asiyada kifayət qədər gərgin dövrə qədəm qoyacağıq. Əhalinin sosial vəziyyət ilə bağlı qəzəbi arta bilər. Bir çox kasıb ölkələrdə hakimiyyət çevrilişləri, xalq üsyanları baş verə bilər. Bu da hibrid müharibələri artıra bilər”,- deyə N.Cəfərli bildirib.

Gununsesi.info