“Hazırkı vəziyyətdə bəzi müəllimlər repetitorluqdan məktəbdə aldıqları maaşdan qat-qat artıq gəlir əldə edirlər”.
Bu fikirləri Gununsesi.info-ya açıqlamasında təhsil eksperti Rizvan Fikrətoğlu deyib:
“Məsələn, mən tanıdığım bir kimya müəllimi var. Hazırlığa gələn şagirdlərinin sayı təxminən 100-ə yaxındır və hər şagirddən 100 manat aldığı üçün ayda 10 min manat qazanc əldə edir. Dövlət orta məktəbdə çalışan bir müəllimə 10 min manat maaş verməsi mümkün deyil. Buna görə də gözlənilir ki, bəzi müəllimlər yeni qaydalar tətbiq ediləndə yarım ştata keçsinlər və ya savadlı müəllimlərin bir qismi məktəbi tərk etsin”.

Ekspert hesab edir ki, repetitorluqdan yüksək gəlir götürən müəllimlərin məktəbdə motivasiyası azalır:
“45 dəqiqəlik dərsini deyib məktəbi tərk edən müəllim öz bilik və bacarıqlarını şagirdə tam şəkildə ötürə bilmir. Dünya təcrübəsinə əsaslanan yeni qaydalar tətbiq edildikdə isə müəllimin həm vaxtı, həm resursu, həm də motivasiyası olacaq ki, yüksək əməkhaqqı müqabilində təhsilin keyfiyyətinə daha ciddi töhfə versin”.
Qeyd edək ki, Elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisin komitə iclasında məktəblərdə yeni könüllü model tətbiq ediləcəyini bildirib.
Nazir yeni modelin könüllü olcağını və yalnız sertifikasiyada yüksək bal toplamış müəllimlərin iştirak edəcəyini söyləyib:
“Belə müəllimlərin dərs yükü həftədə 18–24 saat təşkil edəcək. Qalan vaxtlarını isə onlar metodik hazırlıq, şagirdlərlə fərdi iş, layihələrdə iştirak kimi fəaliyyətlərə sərf edəcəklər. Kim istəmirsə, əvvəlki kimi saat hesabı ilə işləməyə davam edə bilər” – o deyib.
Onu da qeyd edək ki, nazirin bu açıqlaması sosial şəbəkələrdə bəzi istifadəçilər tərəfindən “repetitorluğun ləğvinə hesablanan addım” kimi dəyərləndirilib.
Şəbnəm













