“İndiki nazirin dövründə strateji məhsulların istehsalı kəskin azalıb, imkanlar əldən verilir” - MƏCNUN MƏMMƏDOVA İTTİHAM

  • Müəllif: Firuzə
  • 17 İyun 2026 18:55

Kənd təsərrüfatı sahəsi üzrə ekspert, iqtisadçı Vahid Məhərrəmli “Facebook” səhifəsində mövcud rəsmi göstəriciləri və aqrar sektordakı idarəetməni tənqid edən şərh yayıb.

“Strateji məhsulların istehsalı azalıb, ərzaq bahalaşıb”

İndiki Kənd təsərrüfatı nazirinin vəzifəyə təyinat aldığı vaxtdan 3 ildən çox müddət keçdiyini xatırladan Vahid Məhərrəmli bildirib ki, o, vəzifəyə gələndən sonra strateji əhəmiyyət kəsb edən buğda istehsalı 117,8 min ton, ikinci çörək hesab edilən kartof istehsalı 154,1 min ton, tərəvəz 53,9 min ton, bostan məhsulları 600 ton, bal istehsalı 36,4 faiz, barama istehsalı 45,3 faiz, tütün istehsalı isə dəfələrlə azalıb və sair. Ekspert diqqətə çatdırıb ki, sözügedən rəhbərliyin vaxtında ölkədə ərzaq məhsulları 50 faizə yaxın bahalaşıb, yeyinti məhsullarının idxalı isə kəskin şəkildə artıb.

“Müxbirlər niyə bu uğursuzluğun səbəbini soruşmurlar?”

Medyada bu məsələlərin işıqlandırılma formasına toxunan iqtisadçı sual edib:

“Niyə televiziya müxbirləri bu uğursuzluğun nədən baş verdiyini soruşmurlar? Gələcəkdə, 2030-cu ildə kənd təsərrüfatında vəziyyətin necə olacağını o, haradan bilər?”

“Rəhbərlik aqrar sahədən çox uzaqdır”

Nazirliyin rəhbər heyətinin peşəkarlıq səviyyəsini tənqid edən Vahid Məhərrəmli qeyd edib ki, təəssüf ki, o və onun müavinləri aqrar sahədən çox-çox uzaq və aralı adamlardır. Ekspert vurğulayıb ki, onlar heç süni intellekt vasitəsi ilə əldə etdikləri məlumatları emal edə biləcek səviyyədə də deyillər. Kənd təsərrüfatının isə çox mürəkkəb, olduqca mürəkkəb bir sahə olduğunu bildirib.
Ekspert şərhinin sonunda ölkənin ümumi tendensiyası ilə bağlı narahatlığını ifadə edərək, təəssüf ki, vaxtın getdiyini, imkanların əldən verildiyini və ölkəmizin inkişafdan geri qaldığını bəyan edib.

Elmar

Gununsesi.info