ABŞ–İran razılaşması: Yaxın Şərqdə yeni geosiyasi mərhələnin başlanğıcı

“ABŞ və İran arasında Versal Sarayında imzalanan 14 maddəlik anlaşma memorandumu təkcə iki ölkə arasında hərbi qarşıdurmanın dayandırılması deyil, həm də Yaxın Şərqin gələcək geosiyasi arxitekturasını müəyyənləşdirə biləcək tarixi hadisə kimi qiymətləndirilə bilər”.

Gununsesi.info bildirir ki, bunu siyasi şərhçi Mürtəza Bünyadlı deyib:

“Bu sənədin məhz Versalda imzalanması isə təsadüfi seçim deyil və özündə dərin siyasi-simvolik məna daşıyır.

Tarixə nəzər salsaq, Birinci Dünya müharibəsindən sonra Versal sistemi yeni beynəlxalq münasibətlər nizamının əsasını qoymuşdu. Həmin dövrdə Osmanlı imperiyasının parçalanması ilə Yaxın Şərq süni sərhədlər əsasında yenidən formalaşdırıldı. Böyük güclərin maraqları əsasında çəkilən sərhədlər sonrakı yüz il ərzində regionda müharibələrin, qarşıdurmaların və geosiyasi rəqabətin əsas səbəblərindən birinə çevrildi.

Bu gün isə dünya yenidən böyük transformasiya mərhələsinə daxil olur. Rusiya-Ukrayna müharibəsi, Çin-ABŞ rəqabəti, enerji marşrutları uğrunda mübarizə, İsrail-İran qarşıdurması və qlobal təhlükəsizlik sisteminin aşınması yeni dünya düzəninin formalaşmasını sürətləndirir. Belə bir mərhələdə ABŞ və İran arasında əldə edilən razılaşmanın məhz Versalda imzalanması yüz il əvvəl yaradılmış geosiyasi nizamın yenilənməsi mesajı kimi görünür.

Əgər XX əsrin əvvəllərində Yaxın Şərq Avropa imperiyalarının maraqları əsasında bölüşdürülmüşdüsə, XXI əsrdə məqsəd regionu yeni geosiyasi reallıqlara uyğun şəkildə yenidən formatlaşdırmaqdır. Lakin bu dəfə proses müstəmləkəçilik prinsipləri üzərində deyil, enerji təhlükəsizliyi, iqtisadi inteqrasiya, logistika marşrutları və regional güclərin iştirakı əsasında qurulmağa çalışılır”.

O qeyd edib ki, razılaşmada diqqət çəkən əsas məqamlardan biri ABŞ-ın yenidən qlobal arbitr rolunda çıxış etməsidir:

“Son illərdə Vaşinqtonun Yaxın Şərqdən uzaqlaşdığı barədə fikirlər səsləndirilsə də, İranla əldə olunan razılaşma göstərir ki, ABŞ hələ də regionun əsas təhlükəsizlik memarı olaraq qalır. Hörmüz boğazının açılması, sanksiyaların mərhələli şəkildə ləğvi, İranın beynəlxalq iqtisadi sistemə reinteqrasiyası və yekun sənədin BMT Təhlükəsizlik Şurasında təsdiqlənməsi Vaşinqtonun prosesə rəhbərlik etdiyini nümayiş etdirir.

Eyni zamanda bu razılaşma Yaxın Şərqdə yeni güc balansının formalaşdığını göstərir. Əvvəlki dövrlərdən fərqli olaraq, artıq proseslər yalnız ABŞ, Rusiya və Avropa dövlətləri tərəfindən idarə edilmir.

Bu dəfə Pakistan, Türkiyə, Qətər, Səudiyyə Ərəbistanı və Misir kimi regional aktorlar diplomatik prosesin ayrılmaz hissəsinə çevriliblər”. 

 

 

Şəbnəm

Gununsesi.info