Ötən gün AŞ PA-nın Strasburqda keçirilən plenar iclasında Azərbaycanla bağlı qətnamə qəbul olunub.
Gununsesi.info bildirir ki, qətnamənin müzakirəsi zamanı AŞPA deputatları Azərbaycan hökumətini ölkədə insan hüquqlarını pozmaqda ittiham ediblər.
Qəbul edilən qətnamədə Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarını icra etmədiyi bildirilib, həmçinin bir sıra məsələlərin həlli tələb olunub.
Müzakirələrdə iştirak edən Türkiyənin AŞPA-dakı nümayəndə heyətinin üzvü, Türkiyə Böyük Millət Məclisinin (TBMM) deputatı Zeynep Yıldız mövzu ilə bağlı Gununsesi.info -ya danışıb.
O, bildirib ki, AK Partiya və MHP nümayəndələri Avropa Şurası Parlament Assambleyasında müzakirəyə çıxarılan məruzəyə qarşı səs veriblər:
“Hazırda bizim Avropa Şurası Parlament Assambleyasında siyasi qrupumuz yoxdur. Buna görə də çıxışlar zamanı adlarımız siyahının sonuna salınır.
Nümayəndə yoldaşımız çıxış etməyə başlamamış söz hüququ dayandırıldı. Bizə danışmaq imkanı verilmədi və nəticədə mövqeyimizi həmin iclasda ifadə edə bilmədik.
Azərbaycan ilə Türkiyə arasında qarşıdurma yaratmaq istəyən dairələrin kimlər olduğunu yaxşı bilirik. Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir. Buna heç kimin şübhəsi olmasın.
Azərbaycanlı qardaşlarımızın bu məsələyə həssas yanaşmasını diqqətlə izlədik. Fitnə yaratmaq istəyənlərə imkan verilməməsi üçün sərbəst müzakirələr zamanı söz alaraq bildirdim ki, Avropa Şurası burada açıq-aşkar ziddiyyətli mövqe nümayiş etdirir. Öz torpaq bütövlüyünü bərpa etdiyinə görə Azərbaycanın Avropa Şurası Parlament Assambleyasından uzaqlaşdırılması, halbuki başqa dövlətlər müxtəlif pozuntulara baxmayaraq üzvlüklərini davam etdirirlər, qəbulolunmazdır. Çıxış vaxtımız çox qısa olsa da, bu məqamları çatdırmağa çalışdım.
Türkiyə bu məsələ ilə bağlı öz mövqeyini ifadə etdi. Lakin həmin iclasda danışa bilmədik, başqa iclasda söz aldıq. Çünki çıxışımız yarımçıq kəsildi.
Ümumiyyətlə, Assambleyada bu cür hallar tez-tez baş verir. Məsələn, CHP ilə bağlı təcili gündəm məsələsi müzakirə olunarkən də son iki çıxışçı qalmışdı və sonuncu mən idim. Buna baxmayaraq iclas bağlandı. Halbuki həmin iki nəfərin də çıxış etməsinə imkan yaradılıb sonra iclas başa çatdırıla bilərdi. Təəssüf ki, belə yanaşma nümayiş etdirirlər və çıxışlarımızı tez-tez yarımçıq dayandırırlar”.
Deputat qeyd edib ki, ən azı bir türk nümayəndənin çıxış etməsinə şərait yaradılmalı idi:
“Biz hər zaman deyirik ki, Avropa Şurası dövlətlərin qarşılıqlı dialoq apardığı bir platformadır. Dövlətlər burada əməkdaşlıq edərək daha yaxşı nəticələr əldə etməlidirlər.
Ancaq görürük ki, Fransada hicab qadağası tətbiq olunur, buna dair ciddi müzakirə açılmır. İsrailin törətdiyi qırğınlarla bağlı uzun müddətdir hər hansı hesabat qəbul edilmir. Digər məsələlərdə isə müxtəlif fikirlər sərbəst şəkildə səsləndirilir və buna heç bir maneə yaradılmır.
Söhbət Türkiyədən və ya Azərbaycandan gedəndə isə tamamilə başqa münasibət ortaya qoyulur. Mən də çıxışımda bunu vurğuladım və bildirdim ki, burada ikili yanaşma ilə üzləşdiyimi hiss edirəm.
Qeyd etdim ki, Avropa Şurasının əsasnaməsinin birinci maddəsi üzv dövlətlər arasında birliyi və əməkdaşlığı nəzərdə tutur. Lakin bu yanaşmalar həmin birliyə zərbə vurur.
Azərbaycan öz torpaq bütövlüyünü bərpa etdikdən sonra cəzalandırıldı. Üstəlik, nümayəndə heyəti Assambleyada iştirak etmədiyi halda onun barəsində qərar qəbul edilməsi etik baxımdan da düzgün deyildi.
Estoniyada bu hesabat komitədə müzakirə olunarkən Qurban bayramı günlərində sırf həmin iclas üçün Estoniyaya getdim. Məqsədim Azərbaycanlı qardaşlarımızın mövqeyini müdafiə etmək idi.
Müzakirələr zamanı ukraynalı deputat Sergey Vasilenko bildirdi ki, Azərbaycan Avropa Şurasının Nazirlər Komitəsində təmsil olunur, lakin Parlament Assambleyasında iştirak etmir.
Mən isə ona cavab olaraq xatırlatdım ki, Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərini müzakirəyə çıxaran və sonradan onları ləğv edən məhz Avropa Şurasının özü olub. Bundan sonra Azərbaycan nümayəndə heyəti haqlı olaraq Assambleyadakı fəaliyyətini dayandırdı.
Bəzən müxtəlif ölkələrin Azərbaycanı müdafiə etdiyi söylənilir. Halbuki komitədə onların hansı mövqe nümayiş etdirdiyini çox yaxşı bilirik. Lazım gələrsə, bunu adbaad da söyləmək mümkündür. Həmin çıxışların hamısı komitənin iclas protokollarında əks olunub.
Mən Estoniyada keçirilən iclasda da bildirdim ki, Avropa Şurası Azərbaycan nümayəndə heyətini yenidən Parlament Assambleyasına dəvət etməli, bu ikili və ziddiyyətli yanaşmadan imtina etməlidir.
Bu qətnaməyə, qarşı səs verdik. Bunun ayrıca vurğulanmasına belə ehtiyac yoxdur. AK Partiya və MHP nümayəndələri olaraq qətnaməni ədd etdik.
Həmin iclasda nümayəndə heyətimizin bəzi üzvləri səhhətləri ilə bağlı iştirak edə bilməmişdilər. Buna baxmayaraq, iştirak edən bütün AK Partiya və MHP deputatları tam heyətlə məruzənin əleyhinə səs verdilər”.
Şəbnəm Rəhimova












