“Rəqəmsal texnologiyalar artıq dünyada iqtisadi inkişafın, dövlət idarəçiliyinin və milli rəqabət qabiliyyətinin əsas amillərindən birinə çevrilib.
Bu baxımdan Prezident İlham Əliyevin təşəbbüsü ilə qəbul olunan “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı” ölkənin texnoloji inkişafında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər.
Bu strateji yanaşmanın institusional əsaslarının formalaşdırılmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Rəqəmsal İnkişaf Şurasının fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir“.
Gununsesi.info bildirir ki, bu fikirləri Milli Məclisin deputatı Tural Gəncəliyev deyib:
“Cari ilin 29 iyun tarixində Mehriban Əliyevanın sədrliyi ilə keçirilən Rəqəmsal İnkişaf Şurasının ilk iclası ölkədə rəqəmsal transformasiyanın prioritet istiqamətlərini bir daha müəyyənləşdirdi. İclasda 2026–2028-ci illər üzrə Fəaliyyət Planının icra vəziyyəti, rəqəmsal inkişaf sahəsində qanunvericilik islahatları, süni intellekt texnologiyalarının tətbiqi, kibertəhlükəsizliyin gücləndirilməsi və təhsil sisteminin rəqəmsallaşdırılması geniş müzakirə olundu. Mehriban Əliyeva çıxışında rəqəmsallaşmanın, innovasiya ekosisteminin inkişafının, kibertəhlükəsizliyin möhkəmləndirilməsinin və süni intellektdən milli maraqlar çərçivəsində istifadənin dövlət siyasətinin əsas prioritetlərindən olduğunu vurğuladı.
Fəaliyyət Planının əsas üstünlüyü ondan ibarətdir ki, burada rəqəmsallaşma yalnız elektron xidmətlərin artırılması kimi deyil, dövlət idarəçiliyinin müasirləşdirilməsi, innovasiya iqtisadiyyatının qurulması, süni intellekt texnologiyalarının tətbiqi və kibertəhlükəsizliyin gücləndirilməsi kimi vahid strateji yanaşma çərçivəsində nəzərdən keçirilir. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının yaradılması da bu sahədə dövlət siyasətinin koordinasiyalı və sistemli şəkildə həyata keçirilməsini təmin edən mühüm institusional addımdır”.

Deputat hesab edir ki, islahatların ən vacib istiqamətlərindən biri dövlət xidmətlərinin vahid platformada birləşdirilməsidir.
“”mygov” və “mygov Biznes” platformalarının inkişafı və müxtəlif dövlət xidmətlərinin bu sistemlərə inteqrasiyası vətəndaşların dövlət xidmətlərindən istifadəsini daha rahat və operativ edəcək. Proaktiv xidmət modelinin tətbiqi, yəni bəzi xidmətlərin vətəndaş müraciəti olmadan avtomatik göstərilməsi isə rəqəmsal dövlət idarəçiliyinin ən mühüm yeniliklərindən biridir.
Fəaliyyət Planının digər mühüm istiqaməti innovasiya iqtisadiyyatının inkişafıdır. Vençur kapitalı, startapların dəstəklənməsi, texnologiya şirkətləri üçün vergi güzəştləri və innovativ məhsulların dövlət satınalmalarında təşviqi Azərbaycanın regional texnologiya mərkəzinə çevrilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Süni intellektin dövlət idarəçiliyində tətbiqi, milli hesablama infrastrukturunun yaradılması və kibertəhlükəsizlik sahəsində həyata keçirilən islahatlar göstərir ki, Azərbaycan rəqəmsal inkişafı milli təhlükəsizlik, iqtisadi inkişaf və dövlət idarəçiliyinin modernləşdirilməsi ilə birgə nəzərdən keçirir. Bu yanaşma ölkənin rəqəmsal suverenliyinin möhkəmləndirilməsi və innovasiya əsaslı iqtisadiyyatın formalaşdırılması baxımından mühüm perspektivlər açır.
Bütövlükdə, həyata keçirilən islahatlar göstərir ki, Azərbaycan rəqəmsal transformasiyaya yalnız texnoloji yenilənmə kimi deyil, uzunmüddətli inkişaf strategiyasının ayrılmaz hissəsi kimi yanaşır. Prezident İlham Əliyevin müəyyən etdiyi strateji kursun və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Rəqəmsal İnkişaf Şurasının fəaliyyətinin nəticəsində ölkədə rəqəmsallaşma, innovasiya, süni intellekt və kibertəhlükəsizlik sahələrində həyata keçirilən kompleks islahatlar Azərbaycanın regionun aparıcı rəqəmsal və texnologiya mərkəzlərindən birinə çevrilməsinə mühüm töhfə verəcək”,-deyə deputat fikirlərini yekunlaşdırıb.
Şəbnəm












