Mülk məsələlərində bəzən problemlər yaşanan bir məsələ də budur.
Konkret desək, dövlət şəxsi torpaq sahəsini ictimai məqsədlər üçün ala bilər?
Bu barədə Gununsesi.info-ya hüquqşünas Şamil Paşayev danışıb.
O bildirib ki, bəli, bu, mümkündür, lakin yalnız qanunla müəyyən edilmiş hallarda və kompensasiya ödəməklə.
“Azərbaycan qanunvericiliyinə görə, dövlət və ya bələdiyyə ictimai ehtiyaclar üçün bəzi torpaq sahələrini əldə edə bilər. Buraya yol çəkilişi, dəmir yolu, enerji xətləri, su anbarları, müdafiə obyektləri və digər strateji layihələr aid ola bilər. Lakin bu, dövlətin istənilən torpağı istədiyi vaxt ala bilməsi demək deyil. Torpaq sahibi adətən əvvəlcədən məlumatlandırılmalı və ona dəymiş zərərin əvəzi ödənilməlidir. Kompensasiyanın məbləği ilə bağlı mübahisə yaranarsa, məsələ məhkəməyə çıxarıla bilər. Konkret desək, şəxsi torpaq toxunulmazdır, amma qanunda nəzərdə tutulan ictimai ehtiyaclar olduqda dövlət onu yalnız qanuni prosedur və kompensasiya əsasında əldə edə bilər”,- deyə o bildirib.
Elmar
Gununsesi.info











