Cəhalət yalnız dini inanclarla bağlı fenomen deyil. Tarix şüuru, sosial narazılıq, siyasi düşüncə əgər motiv olaraq cahillik üzərindən yol alırsa, onu durdurmaq sonra çox çətin olur.
Bizim yaşadığımız, anladığımız din yüzillərdir ağırlıqlı olaraq sümükləşmiş xurafat, cəhalət və nadanlıq təməli üzərindədir.
Azərbaycanda Quran adından bəhs edən yüzlərlə publik çıxış dinləyə bilərsən, ancaq İslam inancı adına yaşananların bir qisminin bu Kitabla əlaqəli olduğunu söyləmək mümkün deyil. Adətlər, rituallar, pirlər, nəzirlər, insan-bütlərə səcdələr elə yüz illər öncəki kimidir. Dünyəvi dövlətin nemətlərindən bəhrələnərək yarımçıq və ideoloji savad almış birilərinin içində də hər an xortlaya biləcək xurafat virusu özünü hiss etdirməkdədir. 19-cu əsr və onun gerisində qalan kitabsız qaranlığımızın həsrətini yaşayan insan çoxluğu ilə 21-ci əsrdə addımbaşı rastlaşmaqdayıq. Eyni durum tarix şüurunun eybəcər mahiyyət almasında da özünü göstəməkdədir. Bu millət üçün başdan-başa yeni dəyərlər sistemi yaradan Mirzə Fətəlinin, Həsən bəy Zərdabinin bu xalqın qaranlıq keçmişini, inanc cəhalətini darmadağın edərək çağdaşlığa yönəltmə missiyası artıq unudulmaqdadır. Bəzən dövlət televizayaları, media platformaları belə bu missiyanın unutdurmağa çalışdığı qaranlıq keçmişi təbliğ etməkdədirlər. Sanki Mirzə Fətəlidən öncə ana dilində modern teatrımız, bədii mətnimiz, yeni əlifbamız, teokratik ehkamlardan təmizlənmiş fəlsəfi düşüncəmiz, gülüşümüz, dövlətlərimiz, imperiyalarımız aşıb-daşırdı və bu aydınlarımız da mənasız yerə ömürlərini aydınlıq yolunun açılmasına sərf etmişlər. Sanki Məhəmməd Əmin Rəsulzadədən öncə bizə o qədər ibrətlə yaşanacaq dövlətlər qurmuşlar və biz də indi-indi ayılıb Mirzə Cəlilin qaranlıq gördüyü Azərbaycan dünyasını yenidən işıqlı görməyə başlamışıq.
Yazarı deyir ki, gərək Təbriz düşüncəsi həyatımıza hakim olardı, Bakının istiqlal günəşi içimizi iyrəndirir. İndi siz Təbriz dumanından qurtulmamış Azərbaycanı bir anlıq təsəvvürünüzə gətirin. Hansı tərəqqi deyilən nəsnəmiz varsa məhz Təbrizin xurafat dumanından qurtuluşumuzla yaranmış. Həsən bəyin “Əkinçi” qəzetinə 1875-ci ildə Bakının qubernatoru Dmitri Staroselski dəstək vermiş. Mirzə Fətəlinin komediyalarının yazılmasına yenə də Qafqaz canişini Vorontsov dəstək vermiş. Qori müəllimlər seminariyasının müsəlman bölümü isə Çernyayevskinin təşəbbüsü ilə açılmış. Təbrizdə hansı din xadimi modern məktəb açılmasının və ana dilinin yayılmasının təşəbbüskarı olmuş? Rüşdiyyə məktəblərindən tutmuş digər məktəblərin də bağlanması məhz bu din adamlarının basqıları ilə gerçəkləşmiş! İndi özlərini modernitənin bayraqdarı kimi cəmiyyətə təqdim edənlər deyirlər ki, bizim ən böyük dəyərimiz cəhalətə qarşı savaş açan barmaqla sayılacaq alimlərimiz, aydınlarımız deyil, xurafatı bəlağətli şəkildə topluma yeridən müasir mollamızdır.
İslamçısı Məhəmmədin, Quranın üzərindən adlayıb İslam tarixindən seçdiyi bütlərə aşiqliyi ən böyük mərifət kimi təqdim edir. Millətçisi bu xalqa dövlət qurmuş Məhəmməd Əmin Rəsulzadənin üzərindən adlayıb tarix boyu ağıllı başımızın məhz qızılbaş olduğuna şəhadət gətirir. Böyük bir danabaş sürüsü Üzeyir bəyin üverterası yerinə məchul bir dini-ideoloji ritm altında feyziyab olduğunu göstərməyə çalışır. Bu cahilliyin, nadanlığın, xurafatın, mövhumatın təbliği ilə addım-addım babalarımızın model olaraq bizə əmanət etdiyi çağdaş Cumhuriyyəti dəyər olaraq gözümüzdən salmağa çalışırlar.
“Ancaq biz varıq axı!” deyə biləcək səslərin ucalmasını gözləmək də bir çarə deyil. Doğruları israrla, böyük iradə ilə cəmiyyətin feodal gürühunun qarşısına dikilib söyləməliyik, danışmalıyıq, hayqırmalıyıq. Ana Yasamızda qırmızı xətlə keçən dünyəvi və unitar dövlətimizi öncə bu saxta din qoruyucularından, millət qoruyucularından, tarix qoruyucularından, dövlət qoruyucularından qorumaq lazımdır.
Bəli, biz müsəlmanıq və istinad yerimiz kitabımız Qurandır. Ondan kənarda hər kəsin uydurduğu bir şeyi din olaraq görəcəyiksə bundan sonrakı inanc həyatımız da bütün uydurmalara açıq olacaqdır. Din qoruyucularının basqılarına görə dinimizin mənbəyi olan Qurana geri dönüş etmək artıq mümkünsüz hala gəlmiş.
Biz türkük və Azərbaycanda yaşayan bizim can qardaşlarımız olan talışlarla, ləzgilərlə, kürdlərlə, tatlarla və s. xalqlarla birlikdə öz müstəqil dövlətimizi qurmuşuq. Yəni bu dövləti öz yanlışlarımız, öz məsuliyyətsizliyimiz olmazsa kimsə əlimizdən ala bilməz. O halda bu yanlışları söyləyən, tarixdən üzü bəri bizi izləyən boşluqlarımızı göstərən düşüncə adamlarına qarşı nədir bu qaragüruçuluq, nədir bu saxta vətənpərvərlik melodiyaları? Artıq erməniyə də qalib gəldik, bundan sonra özümüzlə, öz boşluqlarımızla, tarixi yalanlarımızla, məişət yanlışlarımızla məşğul olub onları düzəltməyə səfərbər olmağımızın nəyi pisdir?
Açıq söyləyirəm, hansı şəkildə olursa olsun, hansı titulda olursa olsun, hansı platformadan olursa olsun, cəhaləti, xurafatı təbliğ edənlər, ona özünü təslim edənlər bu xalqa ən böyük pisliyi edən insanlardır. Şəxsən mənim üçün öz sahəsinin hazırlıqlı mütəxəssisləri olsalar belə bu kimi şəxslərin görüşləri öz ciddiliyini itirmiş durumdadır.
Mən kənddə böyümədim, qoyunu, inəyi otlağa, örüşə heç vaxt aparmadım, ancaq ictimai-siyasi həyatın bütün sıxıntılarını, iztirablarını yaşamış bir Vətən övladı olaraq çoban məsuliyyəti deyilən anlayışı bu millətin cəhalətə qarşı savaşan aydınlarının, siyasətçilərinin yaşamından, yaradıcılığından, mübarizəsindən öyrəndim. Həmin şəxsiyyətlər cəhalət virusunun daşıyıcısı olan çoxluğa gücləri yetməsə də, onların bayağı mahnılarını oxumaqdan imtina etdilər və yeni zamanın melodiyasını yaratdılar. Əslində çoban məsuliyyətinin bütün sirrinin çoban tütəyində olduğunu öyrəndim.
Təsir altına düşdükləri bizim varlığımızı həzm etməyən qonşu ölkələrin geostrateji məğlubiyyətlərinin qisasını sosial narazılıq, məzhəb təəssübkeşliyi, feodal tarixə məftunluq üzərindən qanaraq vəya qanmayaraq milli, çağdaş, dünyəvi Cumhuriyyətimizdən almağa çalışan diplomlu-diplomsuz minlərlə Azərbaycan vətəndaşlığını daşıyan şəxslər var. Onlar hər gün sosial şəbəkə üzərindən özlərini böyük bir güc olaraq göstərir, millətin aydınlıq sabahları üçün canını ortaya qoymuş aydınlarını kütləvi linç etməyə çalışırlar. Çoban məsuliyyətinin daşıyıcısı olan insanların susqunluğu onları cəsarətləndirən əsas amildir.
Bunun sınanmış bir yolu var: Mirzə Fətəli, Həsən Bəy, Mirzə Cəlil, Ağaoğlu, Məhəmməd Əmin bəy ağlı və casarəti ilə qaragüruhçuluğa rəğmən yolumuza öz melodiyamızla irəliləməliyik. Onlar üçün tariximizdə nümunə yox idi, bizim işimiz onlardan daha asan deyilmi? Üstəlik də arxamızda dünyada söz sahibi olan müstəqil dövlətimizin duruşundan böyük hansı güc ola bilər? Bu melodiya deyir ki, Şah Babamız çağdaş dünyəvi Azərbaycan dövlətindən başqası ola bilməz, öz millətimizdən başqasına aşıqliyimiz ola bilməz və nəhayət ki, cahilliyə yuvarlanmamaq üçün inancımızın kitabını ağlımızın süzgəcindən keçirərək iman əsasına çevirməkdən başqa yolumuz ola bilməz!
SÖZARDI:
Burada bilərəkdən ziyalı məsuliyyətindən deyil, çoban məsuliyyətindən söz açdım. Çünki bu gün Azərbaycanda ziyalı qılıfında yayılan cəhalət daha təhlükəli xarakter daşımaqdadır. Çoban isə öz melodiyasının təsir gücünə inamını əsla itirməz!










