Tanınmış müğənni Filipp Kirkorova 2028-ci ilin payızına qədər Rusiyada yeni sahibkarlıq fəaliyyətinə başlamaq qadağan edilib.
Gununsesi.info xəbər verir ki, bu barədə vergi müfəttişliyinin sənədlərinə əsaslanaraq “RİA Novosti” məlumat yayıb.
Məhdudiyyətin tətbiq olunmasına səbəb sənətçiyə məxsus iki şirkət tərəfindən Hüquqi Şəxslərin Vahid Dövlət Reyestrinə daxil edilən yanlış məlumatlar olub.
Həmin müəssisələrdən biri olan “Filipp Kirkorov Korporeyşn” fəaliyyətini dayandırıb, geyim, ayaqqabı və digər malların satışı ilə məşğul olan “Fill fo yu” isə ünvanını düzgün göstərməyib.
Ümumilikdə, yeni şirkətlərin açılmasına qoyulan qadağa 18 sentyabr 2028-ci il tarixinədək qüvvədə olacaq. Analoji qadağa bir neçə il Kirkorovun stilisti kimi fəaliyyət göstərmiş “Fill fo yu” şirkətinin baş direktoru Arsen Ayrapetova da şamil edilib. Onun üçün bu məhdudiyyət 2027-ci ilin oktyabr ayının sonuna qədər davam edəcək. Mövcud məlumatlara əsasən, ifaçı daha üç şirkətin sahibidir: onlardan biri ifaçılıq sənəti sahəsində fəaliyyət göstərir, digəri radioyayım işləri ilə məşğul olur, üçüncüsü isə yaşayış və qeyri-yaşayış binalarının tikintisini həyata keçirir.












