“Dekoliv” mağazasında müştəri kartla ödədi, sonra nağd pul istədilər -İddia

  • Müəllif: Firuzə
  • 20 Avqust 2026 11:43

Vətəndaş Leyli İsmayılzadə avqustun 15-də Dekoliv mağazasında alış-veriş zamanı üzləşdiyi problemlə bağlı narazılığını bildirib.

Gununsesi.info xəbər verir ki, Leyli İsmayılzadənin sözlərinə görə, alış-veriş zamanı kartla 127,03 dollar məbləğində ödəniş edib və əməliyyatın təsdiqi üçün terminalda imza da atıb.

Lakin ödənişdən sonra mağaza əməkdaşları kart ödənişinin keçmədiyini bildirərək ondan əlavə olaraq nağd ödəniş tələb ediblər.

Müştərinin üzərində bütün məhsulların dəyərini ödəməyə kifayət qədər nağd pul olmadığı üçün məhsullardan birini alış-verişdən çıxarıb, qalan məhsulların pulunu nağd şəkildə ödəyib.

İsmayılzadə qeyd edir ki, nağd ödənişin məbləği kartdan çıxılan 127,03 dollarla eyni olmadığı üçün əlindəki ikinci çekin banka təqdim edilməsi vəziyyəti tam şəkildə sübut etmir.

Onun fikrincə, əsas məsələ mağazanın kart ödənişinin uğursuz olduğunu bildirməsindən sonra ikinci dəfə ödəniş almasıdır.

Vətəndaş mağazadan kart ödənişinin uğursuz olması və buna görə nağd ödəniş edilməsini təsdiqləyən əlavə çek və ya yazılı sənəd istəyib. Bildirir ki, belə bir sənəd banka müraciət zamanı əsas sübutlardan biri ola bilər.

“Məqsədim kimisə ittiham etmək və ya mübahisə yaratmaq deyil. Sadəcə baş verən vəziyyəti sənədləşdirib banka təqdim etmək istəyirəm”, – deyə Leyli İsmayılzadə bildirib.

Onun sözlərinə görə, Dekoliv mağazası ilə əlaqə saxlamağa çalışsa da, müraciətlərinə cavab ala bilməyib.

Vətəndaş ümid edir ki, məsələ qarşı tərəflə normal şəkildə həll olunacaq və mağaza ona kart əməliyyatının statusu və ikinci ödənişlə bağlı tələb etdiyi təsdiqedici sənədi təqdim edəcək.

Elmar
Gununsesi.info