Kuryer fəaliyyəti ilə fərdi qaydada məşğul olan şəxslər üçün aylıq 15 manat sabit vergi tətbiq edilməsi təklifi ilk baxışdan kiçik məbləğ kimi görünə bilər.
Lakin məsələyə yalnız rəqəmlər üzərindən deyil, insanların sosial və iqtisadi vəziyyəti baxımından yanaşmaq lazımdır. Çünki söhbət böyük şirkətlərdən, yüksək gəlirli sahibkarlardan deyil, çox vaxt gündəlik qazancı ilə dolanışığını təmin edən, yağışda, qarda, istidə və soyuqda çalışan insanlardan gedir.
Əsas sual budur ki, gəliri sabit olmayan bir insana sabit vergi öhdəliyi qoymaq nə dərəcədə əsaslıdır?
Kuryer hər gün eyni məbləğdə pul qazanmır. Bəzən sifariş çox olur, bəzən isə saatlarla iş gözləyir. Yanacaq, nəqliyyat vasitəsinin təmiri, mobil internet, yemək və digər gündəlik xərclər onun qazancından çıxılır. Belə bir şəraitdə aylıq vergi məbləğinin müəyyən edilməsi zamanı yalnız fəaliyyətin mövcudluğu deyil, real gəlirlilik də nəzərə alınmalıdır.
Digər mühüm məsələ isə ədalət prinsipidir. Eyni məbləğdə verginin həm gündəlik sifarişlərlə yüksək gəlir əldə edən, həm də ay ərzində cəmi bir neçə gün işləyən kuryerə tətbiq edilməsi sosial baxımdan mübahisə doğurur. Vergi sisteminin məqsədi sadəcə ödəniş toplamaq deyil, həm də vətəndaşın iqtisadi imkanlarını nəzərə almaq olmalıdır.
Təklifin əsaslandırılmasında kuryerlərin fəaliyyətinin rəsmiləşdirilməsi, vergi uçotunun sadələşdirilməsi və qeyri-rəsmi məşğulluğun azaldılması kimi məqsədlər göstərilir. Bunlar nəzərə alınmalı məqamlardır. Lakin rəsmiləşdirmə adı altında yaradılan hər yeni öhdəliyin həmin insanların həyatına necə təsir edəcəyi də araşdırılmalıdır.
Bir məsələ də var. Kuryer xidmətindən qazanc əldə edən yalnız kuryerin özüdürmü? Çatdırılma platformaları, restoranlar və elektron ticarət şirkətləri də bu sistemdən gəlir götürürlər. Bəs niyə müzakirənin əsas diqqəti məhz xidmətin ən ağır fiziki yükünü daşıyan fərdi kuryerin üzərinə düşən öhdəliklərdə cəmlənməlidir? Sektorun bütün iştirakçılarının məsuliyyəti və sosial təminat məsələləri də paralel şəkildə müzakirə olunmalıdır.
Əslində, müzakirə yalnız 15 manatın çox və ya az olması ilə bağlı deyil. Məsələ dövlətin kiçik gəlirli vətəndaşlara yanaşmasında, vergi siyasətində sosial ədalətin necə qorunmasındadır. Aylıq sabit vergi tətbiq ediləcəksə, fəaliyyətsiz aylar, aşağı gəlirli şəxslər və mövsümi çalışanlar üçün güzəşt mexanizmləri də nəzərdə tutulmalıdır.
Dövlət vergilərin şəffaf toplanmasında maraqlı olduğu qədər, vətəndaşın da zəhmətinin qarşılığını layiqli şəkildə əldə etməsində maraqlı olmalıdır.
Unutmayaq ki, kuryer dəbdəbəli ofisdə oturub gəlir hesablayan şəxs deyil. O, hər sifarişin arxasınca şəhərin yollarında vaxtını, enerjisini və sağlamlığını sərf edən insandır. Onun əməyini rəsmiləşdirmək istəyiriksə, ilk növbədə bu əməyin iqtisadi və sosial reallığını nəzərə almalıyıq.
Vergi siyasəti yalnız dövlət büdcəsinin maraqları üzərində qurulmamalıdır. Çünki büdcəni doldurmaqla yanaşı, insanların dolanışığını qorumaq da dövlət siyasətinin mühüm vəzifəsidir.
Elmar











