Dünən şair Məmməd İsmayıl Tovuzun Əsrik kəndində saz sədaları və Məmməd İsmayıla adına layiq olmayan insan izdihamı ilə torpağa tapşırıldı. Əlbəttə, Məmməd İsmayılın necə şair və şəxsiyyət olduğu hər kəsə bəllidir. Ancaq bu mənzərə heç də ürək açan deyil.
Məmməd İsmayıl uzun illər ölkədən kənarda yaşayıb. Buna baxmayaraq, xalq onun kim olduğunu yaxşı bilir. Fəqət ortaya suallar çıxır:
Azərbaycan Yazıçılar Birliyi bunu bilmirmi?
Daha dəqiq, Anar bilmirmi?
Anarın xaraktercə kinli adam olduğu da hər kəsə bəllidir. Hər qədər “Tövbə qapısı” aurası yaratsa da, bu, belə deyil. Onun “Bağışladım” oyunu da qarşı tərəfi alçaltmağa hesablanıb. Bunu da zaman-zaman görmüşük.
Yaxşı, Anar və AYB nümayəndələri niyə orada yox idi? Məgər Fikrət Qocadan balaca şairdi Məmməd İsmayıl? Ya Elçindən pis adam? Yoxsa, Anar ancaq öz ətrafına göz yaşı axıdaraq can yandırır?
İndi bu göz yaşlarına “Timsah göz yaşları” demək olarmı?
Səbəb nədir? Məmməd İsmayıl AYB-nin fəaliyyətini bəyənməyib, bunu dilə gətirib və Anarın ürəyi istəyən qədər təqdir etməyibmi deyə?
Məsələ isə təkcə AYB ilə bitmir.
Tovuz o boyda şairini torpağa verdiyi halda, rəsmi nümayəndələr də yox idi. Ən azı izləyənlərin, orada olanların gözünə dəyməyib. Nə deputatlar, nə də digər qurumlardan rəsmilər.
Bu acınacaqlı mənzərə isə özlüyündə həm də Məmməd İsmayıl timsalında Azərbaycan ədəbiyyatına, ziyalısına, şairinə olan münasibətdir.
Səd-əfsus.
Orxan










