AŞ PA deputatları Azərbaycandakı siyasi məhbuslara görə məsələ qaldırıb

  • By admin
  • 30 Dekabr 2022 20:08
Avropa Şurası Parlament Assambleyasının 20-dən çox üzvü Azərbaycanda siyasi məhbusların sayının artması ilə bağlı Qətnamənin qəbul edilməsi üçün qurumda məsələ qaldırıb.
Bu barədə Gununsesi.info-nun elektron poçtuna daxil olan məlumatda bildirilir.
Məlumata görə, AŞ PA-nın İtaliyadan olan  üzvü  Maurizio Buccarella tərəfindən təqdim olunan sənəddə bildirilir ki, Azərbaycanda jurnalistlərə, hüquq müdafiəçilərinə və müxalifətçilərə qarşı təqiblərin artması və buna uyğun olaraq orada siyasi məhbusların sayının artması narahatlıq doğurur:
“2022-ci il sentyabrın 10-da jurnalist Əvəz Zeynallı və hüquq müdafiəçisi Elçin Sadıqov qondarma ittihamlarla həbs ediliblər. Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviçin Zeynallı və Sadıqova qarşı siyasi motivli təqibləri dərhal dayandırmaq və onları dərhal azad etmək çağırışına baxmayaraq, bir gün sonra hakimiyyət daha bir jurnalist Elnur Şükürovu saxlayıb.
Jurnalist təşkilatlarının müraciətlərinə baxmayaraq, hakimiyyət Əvəz Zeynallı və Elnur Şükürov barəsində 4 aylıq, Sadıqova isə 4 aylıq ev dustaqlığı qərarı verib.
Eləcə də, 2022-ci ilin ortalarında jurnalist Abid Qafarov qondarma böhtan ittihamı ilə həbs edilib. Eynilə, Azərbaycan hakimiyyəti müxalifətçi Əli Əliyevə qarşı üç cinayət işi açıb.
2022-ci ilin mayında bloger Rəşad Ramazanov qondarma ittihamlarla həbs edilib.
Həmçinin, tanınmış siyasi fəal Bəxtiyar Hacıyev də həbs edilib və yuxarı instansiya məhkəmələri onun barəsindəki həbs qərarını dəyişməyib”.
Müraciəti ünvanlayan deputatlar qeyd edib ki, Assambleya Azərbaycan hökumətini Avropa İnsan Haqları Konvensiyasına əməl etməyə və bütün siyasi məhbusları azad etməyə çağırmalıdır: “Çünki bu, Azərbaycanın Avropa Şurasına daxil olarkən üzərinə götürdüyü fundamental öhdəlikdir”.
Günay Təhməzova
Gununsesi.info