“Azərbaycan Fələstin-İsrail məsələsinə ədalətli və obyektiv yanaşır” -DEPUTAT

“Bizim üçün açıq bir mövzu var ki, bu, Azərbaycan torpaqlarının işğal altında olduğu dövrdən başlayaraq sonrakı proseslərdə də sistemli şəkildə özünü göstərib”.

Bu fikri Gununsesi.info-ya açıqlamasında Milli Məclisin deputatı Elçin Mirzəbəyli deyib.

“Azərbaycan dövlətləri ərazi bütövlüyünün və suverenliyinin toxunulmazlığını əsas götürür və eyni zamanda beynəlxalq hüququn norma və prinsiplərinə üstünlük verir. Bu gün dünyada baş verən proseslər, BMT-nin qərarları, təhlükəsizlik mexanizmlərinin tətbiqindəki problemlər və s. nə qədər mürəkkəb olsa da, beynəlxalq hüququ və onun prinsiplərini əvəz edəcək heç bir mexanizm yoxdur.

Nəticə etibarilə, bu yanaşma Azərbaycanın dünyada baş verən proseslərə — o cümlədən Fələstin-İsrail münasibətlərinə — obyektiv və prinsipial mövqedən yanaşmasını təmin edir. Bu səbəbdən Azərbaycan qarşısında kimsənin prinsipial mövqe irəli sürməsi çətin olur.

Yanaşma tərzi həm obyektiv, həm də ədalətlidir. Azərbaycan dəfələrlə Fələstinə humanitar yardım göstərib. Son olaraq, Qəzzadan olan tələbələrin Azərbaycan universitetlərində təhsil almasının təmin edilməsi ölkəmizin prosesə yanaşmasının konkret sübutudur və bu, çox önəmli mesaj daşıyır.

Təhsil həm də gələcəyin inkişafının açarıdır. Bu problemlərin bir çoxu insanları maarifləndirməklə, barışa və sülhə təşviq etməklə, birgə yaşayışın vacibliyini göstərməklə həll oluna bilər. Nəticədə, İsrail xalqı, Yəhudilər, Ərəblər və Fələstin xalqı eyni bölgədə davamlı və sülh içində yanaşı yaşamağı bacarmalıdır.

Azərbaycanda keçirilən görüşlər və dialoq platformaları ölkəmizdə bir çox ölkələrin liderləri və hərbi rəhbərlərinin bir araya gəlməsinə imkan yaradır. Bu platforma sıradan bir hadisə deyil.

Bu həm ölkəmizin etibarlı bir dövlət olduğunu, həm də Azərbaycan liderinin qlobal-geosiyasi proseslərdə balans yaradıcı faktor kimi çıxış etdiyini təsdiqləyir”.

Firuzə

Gununsesi.info