BMT Sudandakı münaqişəyə münasibət bildirib

Birləşmiş Millətlər Təşkilatı (BMT) Sudandakı münaqişəyə son qoyulmasa, bunun region ölkələrinə də təsir edə biləcəyinə diqqət çəkib.

Gununsesi.info xəbər verir ki, BMT-nin sözçüsü Stefan Dujarrik gündəlik mətbuat konfransında Sudandakı münaqişənin regional təsirlərinə toxunub.

Bölgənin onsuz da “kövrək” vəziyyətdə olduğuna diqqət çəkən Dujarrik Sudandakı tərəflərin xalqın mənafeyini ön planda tutaraq münaqişəyə son qoyulmasının vacibliyini vurğulayıb.

Sudandakı münaqişənin Cənubi Sudan, Çad və regionun digər ölkələrindəki vəziyyətə təsir edə biləcəyini qeyd edən Düjarrik deyib:

“Sudandakı münaqişəyə son qoyulmasa, bunun regional fəsadları ola bilər. Nəticədə baş verən humanitar faciə təkcə Sudanı deyil, bütün regiona təsir etmək riski daşıyır”.

Qısamüddətli atəşkəs razılaşmasından sonra BMT-nin humanitar işçilərinin 4 milyon insana təxminən 168 TIR yardımı çatdırmağa hazırlaşdığını qeyd edən Dujarrik mövcud vəziyyətin hələ də humanitar əməliyyatların tam həyata keçirilməsinə imkan vermədiyini bildirib.

Çətinliklərə baxmayaraq, BMT və tərəfdaşlarının Sudanda humanitar yardım əməliyyatlarını genişləndirdiyini qeyd edən Dujarrik Ümumdünya Ərzaq Proqramının yardımlarını davam etdirərkən, BMT-nin Uşaq Fondunun (UNICEF) qida yardımı ilə yanaşı, peyvəndlər də təmin etdiyini bildirib.

Dujarrik BMT-nin qısamüddətli atəşkəsə nəzarətdə rəsmi rol oynamadığını, strateji və texniki dəstək verdiyini ifadə edib.

Digər tərəfdən, BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi “twitter” hesabında ölkədəki qarşıdurmalar səbəbindən 300 mindən çox sudanlının qonşu ölkələrə sığındığını açıqlayıb.

Sudandakı qaçqınlara müdaxilə planına donorların töhfələrinin qeyri-kafi qalmağa davam etdiyini vurğulayan Qrandi deyib:

“Bizə qaçqınları qəbul edən ölkələri dəstəkləmək üçün təcili olaraq daha çox resurs lazımdır”.

 

 

Şəbnəm

Gununsesi.info xəbər verir ki,