Milli Məclisin deputatı Fazil Mustafa Azad Vətən Partiyasının sədri Akif Nağının onun 200 minlik avtomobil sürməsi və villalarda yaşaması ilə bağlı səsləndirdiyi iddialara cavab verib.
Gununsesi.infoxəbər verir ki, Fazil Mustafa bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Deputat bildirib ki, qaragüruhu gerçəkliklə və sağlam mühakimə ilə yemləmək mümkün deyil. O, şəxsi avtomobilinin 10 il əvvəl alındığını, həmin vaxt avtomobilin beş il istifadə olunmuş vəziyyətdə olduğunu qeyd edib.
Fazil Mustafanın sözlərinə görə, sözügedən avtomobil üç il əvvəl silahlı hücuma məruz qalıb, lakin o, nəqliyyat vasitəsini təmir etdirərək istifadə etməyə davam edir. Deputat avtomobilin iddia edilən qiymətdən 10 dəfə ucuz olduğunu və hələlik yenisini almaq fikrində olmadığını vurğulayıb.
O bildirib ki, 200 minlik avtomobillə bağlı iddialar Milli Məclisin komitə sədri kimi ona xidmət məqsədilə verilən nəqliyyat vasitəsi ilə əlaqədardır. Həmin avtomobil isə şəxsi vəsaiti hesabına alınmayıb, dövlətə məxsusdur.
Deputat yaşadığı evin villa kimi təqdim edilməsinə də münasibət bildirib. Qeyd edib ki, üç sot həyəti olan ikimərtəbəli evinin bir mərtəbəsi şəxsi kitabxanasıdır. Təxminən 20 min manatlıq kitab zənginliyinə malik kitabxananı Azərbaycanın bir çox tanınmış şəxsləri ziyarət edib.
Fazil Mustafa aylıq maaşının bir hissəsini yeni kitabların alınmasına sərf etdiyini də diqqətə çatdırıb.
Deputat, həmçinin yaxın günlərdə yeni kitabının işıq üzü görəcəyini açıqlayıb. Bildirib ki, əsər cəhalətə, xurafata, nadanlığa və qaragüruhçuluğa qarşı mübarizəyə həsr olunub.
Fazil Mustafa fikirlərini belə yekunlaşdırıb: “Bütün qarayaxmalara, böhtanlara qarşı dirənişin ən dəyərli neməti yenə də KİTABdır”.
Orxan











