Gürcü prezident yeni konstitusiya pozuntusunda ittiham olundu

Gürcüstan prezidenti Salome Zurabişvili Paris Sülh Forumunda iştirak etmək üçün Fransaya getmək qərarına gəlməklə konstitusiyaya zidd addım atıb.

Gununsesi.info xəbər verir ki, bunu hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasından olan deputat İrakli Çikovani “Birinci kanal”a deyib.

Onun sözlərinə görə, dövlət başçısının hökumətin razılığı olmadan xaricə getmək hüququ yoxdur.

“Konstitusiyaya hörmət hər kəsdən, hətta prezidentdən də tələb olunur. Salome Zurabişvilinin hərəkətləri konstitusiyaya ziddir. O, öz hərəkətləri ilə legitimliyini və aktuallığını itirdiyini, yalnız siyasi reputasiyasını qorumaq üçün hərəkət etdiyini sübut edir”, – Çikovani bildirib.

Hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyası sentyabrın 1-də Zurabişviliyə qarşı impiçment proseduruna başlandığını elan edib. Partiya bu qərarını prezidentin dövlətin əsas qanununu pozması kimi izah edib. “Gürcü Arzusu”na görə, Zurabişvili hökumətin icazəsi olmadan Avropa turnesinə çıxmaqla qanunları pozub.

Oktyabrın 16-da Konstitusiya Məhkəməsi Gürcüstan prezidentinin qanunu pozuntusunu tanıyıb və bununla da impiçment proseduruna başlamaq üçün yaşıl işıq yandırıb. Müvafiq qərarı məhkəmənin 9 üzvündən altısı dəstəkləyib. Bundan sonra proses parlamentə keçib. İmpiçmentin həyata keçirilməsi təkcə hakimiyyətdə olan partiyanın deyil, həm də müxalifətin dəstəyini tələb edirdi. Nəticədə “Gürcü Arzusu” Zurabişvilini vəzifədən uzaqlaşdırmaq üçün lazımi sayda səs toplaya bilməyib.

 

 

Gununsesi.info