Gürcüstanda oktyabrın 4-ü axşam saatlarında başlayan etirazlar gecə saatlarında başa çatıb. Səhər saatlarında aksiyaların baş tutduğu Atonelli küçəsinə həyat öz axarına qayıdıb.
Bununla belə gecə saatlarından etibarən polis aksiyanın əsas təşkilatçılarını saxlayıb. Saxlananlar arasında Rustaveli Prospekti Hərəkatının rəhbəri, opera müğənnisi Paata Burçuladze də var. O, gecə saatlarında getdiyi xəstəxanadan aparılıb.
Saxlananlar arasında həmçinin Murtaz Zodelava, İrakli Nadiradze, Paata Mancqaladze və Laşa Beridze də yer alıb. Gürcüstan baş naziri İrakli Kobaxidze bir neçə günə digər etirazçıların saxlanacağının mesajını verib. O, hakimiyyəti devirmək planının uğursuzluğa düçar olduğunu deyib. Kobaxidze çıxışı zamanı həmçinin Mixeil Saakaşvilinin Vahid Milli Hərəkat Partiyası və digər partiyaların qadağan ediləcəyi ilə bağlı seçki vədlərini xatırladıb. Baş nazir Saakaşvilinin partiyasının yekun olaraq neytrallaşdırılması gərəkdiyini bildirib. Gürcüstan hökumətinin başçısı həmçinin baş verənlərdə Avropa Birliyinin nümayəndəsinin payının olduğunu iddia edib. AB-dən hələlik buna reaksiya gəlməyib.
Müxalifət arasında isə baş verənlərdən sonra fikir ayrılığı var. Lelo Partiyası və Qaxariyanın bloku prezident sarayına hücumu provokasiya adlandırıblar. Vahid Milli Hərəkat Partiyasına yaxın olanlar isə başqa fikirdə olublar. Onlara görə, müxalifət liderləri xalqın qarşısına çıxmaqdan qorxublar. Buna görə də Lelo Partiyası və digərlərinə qarşı tənqidlər artıb. Etirazlarda iştirak edənlər isə sosial şəbəkələrdə mitinqdə təşkilatçılığın və liderliyin odığını tənqid ediblər.
Lelo Partiyasına Mamuka Xazaradze rəhbərlik edir və o, Bidzina İvanişvilinin keçmiş ortaqlarından sayılır. Georgi Qaxariya isə keçmiş baş nazirdir. Seçki ərəfəsində müxalif liderlərin həbsi fonunda onun Almaniyaya sığındığı məlum olmuşdu.
Gununsesi.info













