İki müharibə görən 11 yaşlı Həsən – Dünya ondan DANIŞIR

  • By admin
  • 11 Mart 2022 14:59

Müharibə məhv və ölüm gətirsə də, ümidverici, möcüzəli hekayələr də yaşanır. Filmlərə mövzu ola biləcək hekayələrdən birinin qəhrəmanı 11 yaşlı Həsəndir…

Rusiyanın Ukraynaya hücumundan qaçaraq Slovakiyaya gedənlər arasında Həsən daha çox diqqət çəkirdi. Onun sosial media platformalarında paylaşılan fotosu dünyada böyük rezonans doğurdu. Həsən günlərlə dünya mediasının gündəmində qaldı. Bu gün də hamı müharibənin 11 yaşlı qəhrəmanından danışır.

Dünyanı sarsıdan görüntü

Modern.az xatırladır ki, azyaşlı Həsən bir neçə gün əvvəl Ukraynadan kürəyində çanta ilə təkbaşına yola düşüb. O, Ukraynanın Zaporojye şəhərini ailəsiz tərk edərək Slovakiya sərhədinə çatıb. Slovakiyaya çatan uşaq könüllülər tərəfindən qarşılanıb.

 

Ailəsi Ukraynada qalmalı olduğundan min kilometrlik məsafəni tək keçən oğlanın telefon nömrəsi də diqqətdən yayınmayıb. Həsənin anası gömrükçülərə və könüllülərə təşəkkür edib. Gənc qadın oğlunu niyə tək göndərməli olduğunu bu sözlərlə izah edib:

“Şəhərimin yaxınlığında ruslar tərəfindən vurulan atom elektrik stansiyası var. O, yanıb. Anamı tərk edə bilmirəm, o, tək hərəkət edə bilmir. Oğlumu Slovakiya ilə sərhədə tək qatara mindirməli oldum. Orada böyük ürəkli insanlarla tanış oldu. Sizin kiçik ölkənizdə böyük ürəkli insanlar var”.

 

Slovakiya rəsmiləri də sosial media hesablarında Ukrayna sərhədini tək keçən uşağın fotosunu paylaşaraq onu qəhrəman elan ediblər. Həsən anasının onun pasportuna qoyduğu qeyd sayəsində yaxınlarına təhvil verilib.

Yaşı az olsa da, Ukraynadakı müharibə Həsənin yaşadığı ilk qanlı olay deyil. O, 11 illik həyatında ikinci dəfədir müharibənin dəhşətini yaşayır.

Həsən hələ körpə ikən 10 il əvvəl ailəsi ilə birlikdə Suriyadakı vətəndaş müharibəsindən qaçıb. Onun böyük bacısı Luna “Washington Post” qəzetinə açıqlamasında bunları deyib: “Həsən çox balaca idi, o xatırlamır. Mən buna sevinirəm. Ümid edirdim ki, o, bir daha belə müharibə görməyəcək”.

 

Həsənin ailəsi vətəndaş müharibəsindən sonra Suriyadan Ukraynaya köçüb. Ailənin başçısı Suriya müharibəsində həyatını itirib. O zaman anasının qucağında sərhədləri keçən Həsən bu dəfə faciədən tək xilas olmağı bacarıb.

İndi o, Ukraynadakı ailəsinə qovuşmağı və əvvəlki günlərə qayıtmağı xəyal edir…

Gununsesi.info