
İranda magistral təbii qaz kəmərində şiddətli partlayış çaxnaşmaya səbəb olub.
Gununsesi.info xəbər verir ki, İranın Çaharmahal-Bahtiyar əyalətinin Buruçin rayonunda təbii qaz magistral paylayıcı boru kəmərində şiddətli partlayış baş verib.
Buruçin vilayətinin valisi Fəttah Kərəmi İran dövlət televiziyasına verdiyi açıqlamada Helvai bölgəsində təbii qaz magistral paylama xəttində yanğın və partlayışın baş verdiyini, Buruçin-Lordiqan-Huzistan boru kəmərinin klapanlarının bağlandığını bildirib.
Axtarış-xilasetmə qruplarının bölgəyə gəldiyini bildirən İran rəsmisi yanğının boruda qalan qaz bitənə qədər davam edə biləcəyini bildirib. Digər tərəfdən, Buruçin Xilasetmə İdarəsinin rəisi İsmail Yazdani Helvai və Buldacı şosesinə yaxın ərazidə baş verən partlayışda ölən və ya yaralananlarla bağlı indiyə qədər heç bir məlumat almadıqlarını bildirib.
Kilometrlər uzaqdan eşidilən şiddətli partlayışın səbəbi ilə bağlı hələlik heç bir izahat yoxdur.
Gununsesi.info