Kitab oxumayan Azərbaycan müxalifəti… - Orxan Saffari yazır

  • By Admin2
  • 11 İyun 2025 10:00

Azərbaycan müxalifətinin problemləri çoxdur.

Məsələn, bunlardan biri də onların kütləvi şəkildə kitab oxumamasıdır.

Adama elə gəlir, sanki partiya nizamnamələrində olan qanunlardan biri də kitabdan qaçmaq, kitab olan yerlərə ayaq basmamaqdır.

Sanki Azərbaycanda müxalif siyasətçi olmağının birinci şərti mütaliənin olmamasıdır.

Görəsən, niyə? Buna nə mane olur? Siyasətin özümü?

Ümumiyyətlə, elə Azərbaycanda əsas kitab oxumalı olan zümrələrdən biri də xüsusi ilə müxalifət olmalı deyilmi?

Məsələn, Azərbaycan müxalifəti yazıçısını qınayanda, qınayan zaman başqa xalqların müxalifət yanında olan yazarlarının adını çəkəndə, məhz elə həmin xalqın müxalif siyasətçilərinin hansı düşüncədə, intellektdə olduğunu bilirmi?

Görünür, Azərbaycan xalqı şüuraltı olaraq müxalifətə həm də buna görə inanmır.

Yox, yanlış anlaşılmasın, bu, “xalq özü oxuyur, təkcə müxalifət nümayəndələri yox” demək deyil, bu kitab oxumayan, kitab bilməyən müxalifətə inanmamaq, onu səmimi görməməkdir.

Azərbaycan xalqı Azərbaycan müxalifətini başa düşmür, danışıqlarını anlamır, onları özündən görə, yanında dayana bilmir.

Hətta müxalifətin düz danışdığını təxmini olaraq bilsə də, anlaya bilmir.

Ancaq həqiqət necədir?

Həqiqət odur, elə bu cəmiyyətin, xalqın qismən və ya ürəyində də olsa tamamilə inandığı şəxslər xüsusi ilə təhsili, savadıyla seçilən şəxslərdir.

Hansısa təzyiqlərə, qorxuya görə onun yanında dayanmasa da, onun haqq olduğunu bilir, yaddaşına həkk edir.

Amma və ancaq:

Azərbaycan müxalifəti kitab sərgilərinə gəlmir, Azərbaycan müxalifəti kitabaxanalara getmir, Azərbaycan müxalifəti kitab təqdimatlarına, imza günlərinə qoşulmur, Azərbaycan xalqı yazıçısını tanımır, sevmir, oxumur.

Siyahı uzanandır.

Fəqət, halbuki, lakin, isə:

Azərbaycan müxalifəti yazıçıdan onun yanında dayanmasını tələb edir, Azərbaycan müxalifəti yazıçını susduğuna görə qınayır, iqtidarın yanında olduğuna görə söyür.

Siyahı yenə də uzanandır.

Doğrudan da, belə deyilmi?

Məsələn, hansı müxalif siyasi partiya lideri istər seçkilər, istərsə də gündəm müzakirələrində hakimiyyətə gəldiyi təqdirdə Azərbaycan mədəniyyəti, ədəbiyyatı ilə bağlı danışır, planlarını, görmək istədiyi işləri deyir?

Onların bununla bağlı fəaliyyət planı, paketi varmı?

Ümumiyyətlə, onlara mədəniyyət, ədəbiyyat lazımdırmı?

Azərbaycan iqtidarının Azərbaycan mədəniyyəti ilə bağlı zaman-zaman tənqidə gələn siyasətləri olub, fəqət müxalifət bunu görməzdən gəlib, klassik “Rədd olsun hakimiyyət, biz gələk, xalq acından ölür” kimi şüarlarını səsləndirib.

Yoxsa, Azərbaycan müxalifətinin Azərbaycan mədəniyyəti ilə bağlı planı, strategiyası var, onlar da seçki günü sandıqdan səslərlə birgəmi çıxacaq?

Hansı siyasi partiya liderinin çıxışında müasir siyasi fəlsəfə, iqtisadi, mədəni modellərə istinad edilir?

Hansı siyasi partiya lideri çıxışında Azərbaycan dilinin normalarına riayyət edərək, ədəbi atmosferi ilə bağlı danışır, heç olmasa, hansısa kitabdan çıxışı ilə bağlı nümunələr gətirir?

Bəlkə, bunlar üçün Azərbaycan müxalifətinin mütaliəsi, dünya görüşü çatmır?

Hansı siyasi partiya liderinin çıxışında hakimiyyətlə klassik ritorikadan əlavə, alternativ təkliflər, ideloji əsaslı məsələlər, nəzəri arqumentlərlə danışılır?

Bəlkə, populist ritorikadan xalq özü də bezib?

Bəlkə, bu xətt artıq qəbul edilmir, adamlar yorulub, inam da itib?

Əslində, tarix həm də zəkası ilə seçilən siyasətçilərlə zəngirdir.

Kimisi tarixdə siyasətçi olmaqla yanaşı, filosof, yazar kimi də qalıb, kimisi də filosof, yazarlar kimi düşüncəsi ilə.

Məsələn, Kolonializmlə mübarizə aparan Amilkar Kabral, mübarizəni təkcə silahla yox, həm də mədəni və düşüncə sahəsində aparmaqla lazım olduğunu bildirirdi, “Silahdan əvvəl fikir gəlməlidir” deyirdi.

Görünür, proses çox uzun çəkəcək, çoxları zaman-zaman dəli olacaq.

Həqiqət odur, strateji düşüncə boşluğu dəyişməmiş, nə iqtidar dəyişəcək, elə nə də müxalifət.

Zəruri qeyd: İstisnalar qaydanı dəyişmir.

Orxan Saffari

Gununsesi.info