“Azərbaycan Prezidentinin Özbəkistana tarixi səfəri başa çatdı. İki qardaş ölkə arasında strateji tərəfdaşlıq münasibətləri yeni mərhələyə yüksəldi və daha da möhkəmləndi. Xüsusilə iki ölkə arasında imzalanmış “Əbədi dostluq haqqında Müqavilə” Azərbaycan–Özbəkistan münasibətlərinin gələcək inkişafı baxımından mühüm tarixi əhəmiyyət daşımaqla yanaşı, Türk birliyinə də mühüm töhfədir”.
Bu sözləri Gununsesi.info-ya açıqlamasında “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli deyib.
Azərbaycanın Cənubi Qafqazda, Özbəkistanın isə Mərkəzi Asiyada mühüm mövqeyə malik olduğunu vurğulayan E.Cəfərli deyib ki, bu iki ölkənin yaxınlaşması Türk Dövlətləri Təşkilatı çərçivəsində siyasi, iqtisadi, nəqliyyat və humanitar əlaqələrin güclənməsinə əlavə imkan yaradır:
““Əbədi dostluq” yalnız siyasi münasibətlər demək deyil. Bu sənəd Azərbaycan və Özbəkistan arasında ticarət, investisiya, nəqliyyat-logistika, sənaye, enerji və digər sahələrdə əməkdaşlığın genişlənməsi üçün daha etibarlı mühit yaradır. “Əbədi dostluğ”un ən böyük əhəmiyyəti budur ki, Azərbaycan və Özbəkistan bir-birini sadəcə dost dövlət kimi deyil, uzunmüddətli və etibarlı tərəfdaş, müttəfiq və qardaş ölkə kimi qəbul etdiklərini rəsmən təsdiqləyirlər”.
“Yaşıl Dünya” sədri hesab edir ki, rus işğalı dönəmində süni olaraq ayrı salınmış türk coğrafiyası yenidən birləşir:
“Sovet hakimiyyəti dövründə Mərkəzi Asiyada və Qafqazda inzibati sərhədlərin yenidən müəyyənləşdirilməsi türk xalqlarını bir-birindən ayıran siyasi-coğrafi reallıq yaratmışdı. Türküstanın ayrı-ayrı respublikalara bölünməsi, Qafqazın və Anadolu ilə əlaqələrin zəiflədilməsi türk dünyasının bütövlüyünə ciddi təsir göstərmişdi. Lakin təxminən 90 il sonra Azərbaycan, Özbəkistan və digər türk dövlətləri arasında siyasi, iqtisadi, mədəni və nəqliyyat əlaqələri sürətlə dərinləşməsini seyr etmək gözəl duyğudur. Bu gün söhbət sərhədlərin dəyişdirilməsindən deyil, ortaq tarix, dil və mədəniyyət əsasında Türk dünyasının inteqrasiyasından gedir. Bir vaxtlar parçalanmış coğrafiyada bu gün yeni əməkdaşlıq körpüləri qurulur. Bu mənada, Azərbaycan–Özbəkistan arasında “Əbədi dostluq haqqında Müqavilə” Türk dünyasının yenidən yaxınlaşmasının mühüm simvollarından biridir”.
Azərbaycanın türk birliyində Türküstanla Anadolu arasında körpü rolunun oynadığını vurğulayan E.Cəfərli deyib ki, rəsmi Bakı tarixi misisyasını uğurla yerinə yetirir:
“Ölkəmizin bu prosesdə rolu xüsusilə böyükdür. Azərbaycan həm Cənubi Qafqazı Mərkəzi Asiya ilə birləşdirən coğrafi körpü, həm də Türk Dövlətləri Təşkilatının fəal üzvlərindən biridir. Bakı–Tbilisi–Qars dəmir yolu, Zəngəzur dəhlizi və Şərq–Qərb nəqliyyat marşrutlarının inkişafı Azərbaycanın Türk dünyası arasında fiziki bağlantıların gücləndirilməsində mühüm rol oynadığını göstərir. Azərbaycan eyni zamanda türk dövlətləri arasında siyasi dialoqun, iqtisadi əməkdaşlığın, enerji və nəqliyyat layihələrinin, mədəni-humanitar əlaqələrin inkişafını ardıcıl şəkildə dəstəkləyir. Rəsmi Bakının təşəbbüskarlığı xüsusilə ona görə əhəmiyyətlidir ki, ölkəmiz Türk dünyasının müxtəlif coğrafi hissələri arasında əlaqələndirici mövqedə dayanır. Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq münasibətləri, Mərkəzi Asiya dövlətləri ilə sürətlə inkişaf edən əlaqələr və Avropa ilə Asiyanı birləşdirən nəqliyyat layihələri Azərbaycanın bu inteqrasiyada körpü rolunu daha da gücləndirir. Ölkəmiz Turan birliyini siyasi müstəvidə yalnız dəstəkləyən ölkə deyil, həm də həmin birliyin iqtisadi, nəqliyyat və humanitar təməllərinin formalaşmasına real töhfə verən əsas güclərdən biridir”.
Şəbnəm Rəhimova












