Biz çox vaxt uğursuzluqlarımızın səbəbini siyasətdə, iqtisadiyyatda və ya qanunlarda axtarırıq. Halbuki bəzən problem qanunlardan əvvəl düşüncə tərzimizdə başlayır. “Mentalitet” dediyimiz anlayış yalnız adət-ənənələrdən ibarət deyil, o, gündəlik qərarlarımıza, işə qəbul prinsiplərinə, qohumluq münasibətlərinə və dövlət idarəçiliyinə də təsir edir. Əgər şəxsi münasibətlər peşəkarlıqdan üstün tutulursa, bunun nəticəsi təkcə bir idarənin deyil, bütöv cəmiyyətin inkişafına təsir göstərir.
Aşağıdakı yazı məhz bu sual ətrafında düşünməyə çağırır. Milli mentalitet bizi hansı nöqtədə irəli aparır, hansı nöqtədə isə geriyə çəkir?
Gununsesi.info bu barədə Aqşin Yeniseyin yazısını təqdim edir:
Dünyanın hər bir ölkəsində dövlət qurumlarının işi iki hissədən ibarətdir: idarə edənlər və icra edənlər. İdarə edənləri dövlət başçıları təyin edirlər, icra edənləri isə idarə edənlər seçirlər.
Bizdə icra edənlərin seçilməsi prosesində dərhal milli mentalitet dövriyyəyə girir.
Tutaq ki, öz sahəsində uğur qazanmış biri bir dövlət qurumunun rəhbəri təyin edilir. Bu adamın əlbəttə ki, qardaşları, bacıları, tələbə və əsgər yoldaşları, yeznələri, bacanaqları, əmisi oğulları, xalası uşaqları, bibisi qızları, bibisi qızlarının ərləri, dayı tərəfi, atasının dostları, yaxından-uzaqdan gələnləri və s. nəhəng bir çevrəsi var və hamısı gözünü ona dikir.
Üstəgəl, daha üst mövqedə olanların telefon xahişləri, nüfuz basqıları, üstüörtülü təhdidlər və s.
Bütün bu çevrənin bir istəyi və tələbi var: nənəm sənə vaxtilə yağ-yaxmac verib, bizi də ətrafına yığmalısan. Hətta bir vaxtlar Rusiyada səfir işləyən Bülbüloğlu vəzifə istəmək şansı olmayan qohum-əqrabasının, tanışlarının zəng vurub ondan tez-tez pul istədiklərindən gileylənmişdi.
Bir quruma rəhbər təyin olunmuş adamın bu mental güc qarşısında dirənməsi, sadəcə, mümkün deyil, bu nəhəng qohum birləşməsi yığışıb onu nəsildən aforoz edərlər. Köçəri kültüründən gəldiyimiz üçün bizdə nepotizmə qarşı çıxmaq deyə bir anlayış yoxdur.
Ona görə idarə edən heç bir ictimai-əxlaqi əngəllə üzləşmədən qardaşlarını, bacılarını, tələbə və əsgər yoldaşlarını, yeznələrini, bacanaqlarını, əmisi oğullarını, xalası uşaqlarını, bibisi qızlarını, bibisi qızlarının ərlərini, dayı tərəfini, atasının dostlarını, yaxından-uzaqdan gələnlərini icra edənlər qismində müxtəlif vəzifələrə yerləşdirir.
Yerləşdirməsə, xalq onu məsxərəyə qoyacaq: o boyda idarənin rəhbəridir, bacanağı vasmoyda pomidor satır.
Nəticədə nə baş verir? İcra edənlər təsadüfi adamlar olduğu üçün iş axsayır, hətta tam yanlış istiqamətdə icra olunur. İşlərin irəliləmədiyini görən xalqın yerdə qalanında Oblomovluq sindromu baş qaldırır. Hər təşəbbüsün qarşısına işləyənlər “Əh”, işləməyənlər “Əşi” nidalarını artırmaqla mürgü döyürlər.
Milli mentalitet bax budur, Üzeyir Hacıbəylinin “Koroğlu” uverturası deyil.
Elmar
Gununsesi.info











