NASA Marsda həyat axtarışı üçün ən müasir roverini planetə endirib

  • By admin
  • 19 Fevral 2021 19:30

NASA 18 fevral tarixində Perseverance roverini uğurlu şəkildə Marsın Jezero kraterinə endirib. Bu, son bir həftədə qırmızı planetə üçüncü səfərdir.

Yer kürəsindən yeddi ay ərzində 470 milyon kilometr məsafə qət edəndən sonra qırmızı planetə endirilən bu altı təkərli rover NASA-nın bu günə qədər göndərdiyi ən inkişaf etdirilmiş aparatdır.

Aparat elə hazırlanıb ki, saatda 19,500 km sürətlə Marsın atmosferinə daxil olsun, daha sonra isə paraşüt vasitəsi ilə sürətinin azaldıb, ardınca Marsın səthinə qədər qalan məsafəni enməsi üçün raketlə idarə olunan platformadan istifadə etsin.

Perseverance Roveri Marsa endikdən sonra göndərdiyi ilk foto
Perseverance Roveri Marsa endikdən sonra göndərdiyi ilk foto

NASA Avropa Kosmik Agentliyi ilə əməkdaşlıq edərək bu missiya zamanı Marsda həyatın olub-olmadığını araşdırmaq üçün daş nümunələri toplayaraq Yerə gətirəcək.

Roverin endiyi və bir zamanlar su ilə dolu olduğuna inanılan 49 km radiuslu bu kraterə Bosniyanın 1000 nəfərlik Jezero qəsəbəsinin adı verilib.

Jezero bəzi slavyan dillərində “göl” mənasını verir.

Avtomobil ölçüsündə olan, plutonyumla işləyən Perseverance roveri ABŞ-ın Marsa uğurla endirdiyi doqquzuncu kosmik qurğusudur.

Digər tərəfdən isə Birləşmiş Ərəb Əmirlikləri və Çinin də göndərdiyi kosmik qurğular keçən həftə Marsın orbitinə daxil olub.

Çinin göndərdiyi kosmik aparat bu il sonunda Marsa uğurla eniş etsə, daha kiçik roverlə həyat axtarışına çıxacaq.

Gununsesi.info