Onlayn rezervasiyanın ləğvi zamanı ödəniş geri qaytarılır?

Səyahət və otel rezervasiyaları zamanı planların dəyişməsi tez-tez rast gəlinən haldır.

Bu səbəbdən bir çox vətəndaşları “onlayn rezervasiya ləğv edilərsə, ödənilən məbləğ geri qaytarılırmı?” sualı maraqlandırır.

Gununsesi.info-ya danışan hüquqşünas Rəşad Səfərovun açıqlamasına görə, bu məsələdə əsas meyar tərəflər arasında bağlanmış müqavilənin şərtləridir. Yəni ödənişin geri qaytarılıb-qaytarılmaması avtomatik qaydada deyil, konkret platforma və xidmət təminatçısının müəyyən etdiyi qaydalara əsasən həll olunur.

O bildirir ki, onlayn rezervasiya zamanı istifadəçilər çox vaxt “ümumi şərtlər və qaydalar” bölməsini diqqətlə oxumadan təsdiqləyirlər. Halbuki məhz həmin sənəddə ləğv siyasəti, cərimələr və geri ödəniş şərtləri ətraflı şəkildə göstərilir.

Hüquqşünasın sözlərinə görə, bəzi hallarda rezervasiya müəyyən müddət öncədən ləğv edildikdə tam və ya qismən geri ödəniş mümkündür. Lakin “geri qaytarılmayan tarif” seçildikdə, sifariş ləğv olunsa belə ödənişin qaytarılması nəzərdə tutulmur.

“İstifadəçilər rezervasiya etməzdən əvvəl şərtləri mütləq yoxlamalıdır. Əks halda, ləğv zamanı maliyyə itkisi ilə üzləşə bilərlər,” – deyə hüquqşünas vurğulayıb.

Nəticə olaraq, onlayn rezervasiyalarda ödənişin geri qaytarılması hər bir xidmətin fərdi müqavilə şərtlərindən asılıdır və istehlakçıların hüquqlarını qorumağın əsas yolu əvvəlcədən məlumatlı seçim etməkdir.

Orxan
Gununsesi.info