Paşinyan: “Hərənin öz şərtləri, öz formulu, öz nəticələri, özünün sülh mühiti var” - Rusiya Azərbaycanın mövqeyini bölüşmür

  • By admin
  • 08 Sentyabr 2022 23:19

Ermənistanın Baş naziri Nikol Paşinyan sentyabrın 8-də Vladivostokda erməni icmasının təmsilçiləri ilə görüşüb.

Gununsesi.info-nun Azadlıq radiosuna istinadən verdiyi xəbərə görə,  O, Azərbaycan Prezidenti İlham Əliyevlə 31 avqust Brüssel görüşü haqda deyib ki, həmin görüşdə “bizi narahat edən“ ən vacib məsələlər üzrə ümumi mövqeyə gəlmək mümkün olmayıb.

“Özəlliklə, məsələ Qarabağ problemindədir. Hər ikimiz, Azərbaycan və Ermənistan sülhə nail olmağa çalışırıq. Hamı istisnasız sülh istəyir. Digər tərəfdən, sülh barədə danışanda hər kəs onu öz bildiyi kimi qəbul edir, hərənin öz şərtləri, öz formulu, öz nəticələri, özünün sülh mühiti var və konfliktlər də buradan yaranır.

Azərbaycanın mövqeyi nədir? Onlar deyirlər ki, Dağlıq Qarabağ problemi həll olunub və müzakirə etməyə bir şey qalmayıb. Bizim və beynəlxalq ictimaiyyətin aşkar mövqeyi Bakının mövqeyilə üst-üstə düşmür. Xüsusilə Rusiya Azərbaycanın mövqeyini bölüşmür”, – Paşinyan deyib.

 

Baş nazir qeyd edib ki, apreldə Rusiya Prezidenti Vladimir Putinlə imzalanmış bəyanatda onların Qarabağ münaqişəsinin tənzimlənməsi yönündə əməkdaşlıq etməli olması qeyd olunub.

“Yəni, Rusiya problemin olduğunu təsdiqləyir və bu, məntiqidir. Problem olmasaydı, Rusiya sülhməramlıları Dağlıq Qarabağda olmazdı”, – Paşinyan vurğulayıb.

 

Afət