Prezidentdən 3 saatlıq master-klass və İrəvana açıq mesajlar

  • By admin
  • 03 May 2022 09:58

Ötən həftənin sonu ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda Prezident İlham Əliyev çıxışı, suallara verdiyi cavabları və geosiyasi proseslərlə bağlı dərin məlumatlılığı ilə dünya səviyyəsində nüfuzlu siyasətçi olduğunu nümayiş etdirdi. 23 ölkədən gələn 40 konfrans iştirakçısının hər biri öz sahəsi üzrə tanınmış mütəxəssislərdir və verilən suallar da siyasətin müxtəlif aspektlərini təşkil edirdi. Azərbaycan liderinin 3 saat ərzində davam edən sərrast cavabları nə qədər dərin zəkaya malik olduğunu da göstərdi.

Verilən sualların müxtəlifliyini nəzərə alsaq, Prezidentin cavabları da çoxşaxəli və geniş idi.

Prezident İlham Əliyev Cənubi Qafqazda baş verənlər, xüsusilə postmünaqişə reallıqları ilə bağlı beynəlxalq ictimaiyyəti məlumatlandırdı, Azərbaycanın prinsipial mövqeyini yenidən dilə gətirdi:

– Bir daha bəyan etdi ki, müharibədən sonra regionda yeni reallıqlar yaranıb və bu reallıqlar beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilib. Artıq Ermənistan da yeni vəziyyətlə barışır və Azərbaycanın sülh sazişi üçün təqdim etdiyi 5 əsas prinsipi qəbul edir. Azərbaycan lideri sülh sazişinin yalnız məlum 5 prinsip əsasında imzalana biləcəyini yenidən gündəmə gətirdi və bununla prinsipial mövqeyi xatırlatdı.

– Ermənistanla münasibətlərin qurulmasında Avropa İttifaqına yeni təklif də irəli sürdü. Bildirdi ki, Aİ-nin Azərbaycan və Ermənistana ayırdığı maliyyənin bir qismi iki ölkənin əlaqələrinin qurulmasına, insanlar üçün daha yaxşı şəraitin yaradılmasına imkan yarada bilər. Prezident bununla həm Aİ-nin bölgədə oynaya biləcəyi rolu gücləndirmək imkanı təqdim edir, həm də sülh sazişi prosesinin sürətləndirilməsini. Mümkündür ki, rəsmi Brüssel belə bir təklifdən yararlanacaq.

– Ermənistana və bu ölkədəki revaşist qüvvələrə də sülh sazişinin alternativinin olmadığını, belə bir alternativ haqda düşüncələrin Ermənistanın gələcəyini sual altına salacağının mesajını da verdi.

– Azad edilmiş ərazilərdə minaların təmizlənməsi məsələsinə toxundu və bununla diqqəti Ermənistanın mina terroruna çəkdi.

– UNESCO-nun timsalında Azərbaycana qarşı ikili standart yanaşmasını gündəmə gətirdi və belə mövqe ilə barışmayacağımızı bəyan etdi.

Ermənistanla münasibətlərə və bölgədəki yeni reallıqlara dair məsələdə Azərbaycanın diktə edən tərəf olduğunu nümayiş etdirdi.

Azərbaycan lideri Rusiya ilə münasibətlərdən, hazırda müharibənin tərəfləri olan Kiyev və Moskva ilə qarşılıqlı əlaqələrdən də bəhs etdi. Beynəlxalq hüququn ərazi bütövlüyünün toxunulmazlığı prinsipinin tərəfdarı olduğunu açıq şəkildə dilə gətirdi və Rusiya ilə müttəfiqlik müqaviləsi imzalamağımıza baxmayaraq, Ukrayna məsələsində mövqeyini də ifadə etdi. Bu gün Qərbin bir çox ölkəsinin belə bu məsələdə açıq mövqe sərgiləməkdən çəkinməsi fonunda Prezident İlham Əliyevin beynəlxalq hüququ müdafiə etməsi Azərbaycan liderinin beynəlxalq nüfuzunu aydın şəkildə göstərir. Bununla yanaşı, Prezident Rusiya-Azərbaycan münasibətlərinin önəminə də toxundu, paralel olaraq, Avropa İttifaqı ilə əlaqələrin əhəmiyyətini də vurğuladı.

Prezident İlham Əliyevin konfransı yekunlaşdırdığı sözləri isə xüsusilə diqqət çəkdi.

“Müzakirəmizin ən böyük hissəsi Ermənistan–Azərbaycan arasında gələcək əməkdaşlıq məsələsinə həsr olundu. Düşünürəm ki, bizim gündəliyimizi düzgün başa düşmək üçün onlar bizim etdiklərimizi dərindən təhlil etməli və bu şansı əldən verməməlidirlər. Çünki bu, sonuncu şans olacaq, onlar bu qatara minməlidirlər”, – dövlət başçısı bildirdi və bununla Ermənistana “sonra qatarın arxasınca baxmaq məcburiyyətində qalacaqsınız” mesajını verdi.

Gununsesi.info