Qəzəlin və Sabirin Azərbaycan ədəbiyyatına ziyanları

  • Müəllif: Orxan
  • 07 Yanvar 2026 10:26
Azərbaycan ədəbiyyatında Mirzə Ələkbər Sabir uzun illərdir ki, müqəddəsləşdirilmiş fiqur kimi təqdim olunur.
Bundan başqa, o, “xalqın səsi”, “satiranın zirvəsi”, “cəsarətli tənqidçi” adlandırılır.
Lakin bu təmtəraqlı etiketlərin arxasında bir sual gizlənir:
Sabir yaradıcılığı doğrudanmı ədəbiyyatı inkişaf etdirdi, yoxsa onu uzun müddət zəhərlədi?
Sözsüz ki, Sabirin yaradıcılığını heçə saymaq olmaz.
Amma o və ümumilikdə qəzəl janrı Azərbaycan ədəbiyyatına dəhşətli dərəcədə ziyan da vurub.
Əslində, Sabirin yaratdığı estetik və ideoloji model təkcə dövrünü deyil, ondan sonrakı nəsillərin düşüncə yolunu da deformasiyaya uğratdı.
Sabirdən sonra poeziyada uzun müddət dərin lirika deyil, lağ, estetik axtarış deyil, ifşa, insanın daxili faciəsi deyil, kütləvi istehza ön plana keçdi.
Digər tərəfdən, Sabirin satirası incə deyil, kobuddur.
Heç bir çoxqatlılıqdan söhbət gedə bilməz. Əksinə, şüarçı poeziyadır.
Sabirin qəzəlləri bu mənada danışmır, qışqırır.
Obrazlı desək, özü elə olmasa da, onun qəzəlləri maarifçilik yox, yuxarıdan aşağı elitist baxışdır.
Sabirin yaradıcılığı ilə ədəbiyyat estetik sahə olmaqdan çıxıb ideoloji tribunaya çevrildi.
Şeir artıq gözəllik, dil, forma axtarışı yox, “doğru mövqenin elan edilməsi” idi.
Bu xətt sonradan sovet ədəbiyyatına rahatlıqla transfer olundu, ictimai sifariş anlayışını legitimləşdirdi, yazıçını sənətkar yox, “ictimai tərbiyəçi” statusuna saldı.
Sabirin qəzəl dünyasında dünyasında metafizik suallar yoxdur, insanın daxili tənhalığı yoxdur, varoluş ağrısı yoxdur.
Hər şey sosialdır, zahiridir, səthidir. Bu isə Azərbaycan poeziyasında uzun müddət mistikanın, psixoloji dərinliyin və fərdi poetik dilin ikinci plana düşməsinə səbəb oldu.
Bu, hətta Sabirdən də daha çox ümumi qəzəl janrının problemidir. Əgər mümkün olsaydı, bütün yaxşı şeirlərlə birlikdə qəzəl janrını tarixin zibilliyinə atmaq lazımdır.
Məhz qəzəl və qəzəlxanlar sayəsində xalqın uzun illər etiraz ruhu bir az da buna görə ölüb.
Xalqda “Ə, kişi deyib də” passivliyini yaradıb.
İllərlə Azərbaycan poeziyasında qadın fahişə çıxaraq əğyarə gedib.
Ol səbəb, müasir dünyada, müasir tendensiyaların içində hələ də qəzəl yazmaq, qəzəl yazaraq böyük şair olmaq istəmək, ən nəhayət, hələ bir başına da araxçın taxmaq biabırçılıqdan başqa bir şey deyil.
Adam istəyir ki, qəzəl yazaraq öyünən adamlara “Ey rəfiqim, atını da götür, get dağlara, ordan da bir zopa götür, gir mağaraya desin”.
Orxan