“Qarabağ”ın bugünkü oyunu ilə bağlı PROQNOZ

  • By admin
  • 08 Sentyabr 2022 21:31

“Görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatacaq”.

Gununsesi.info xəbər verir ki, bunu “Report”a açıqlamasında “Bakı” klubunun sabiq baş məşqçisi Vinfrid Şefer “Qarabağ”ın bu gün Almaniyada “Frayburq”a qarşı keçirəcəyi UEFA Avropa Liqasının G qrupunun ilk tur oyunu barədə danışarkən deyib.

Almaniyalı mütəxəssis Bundesliqa təmsilçisinin bir və ya bir neçə yaxşı futbolçudan ibarət olmadığını, kollektiv oyun sərgilədiyini bildirib: “Frayburq”da komanda mentaliteti çox güclüdür. Kristian Ştrayx uzun müddətdir Frayburq təmsilçisinə rəhbərlik edir. Komanda onun başçılığı altında əla oyun sərgiləyir və ön xətdə yaxşı pressinq tətbiq edir. Düzdür, heyətində “Bavariya”dakı kimi bahalı oyunçular yoxdur. Amma komanda özünə güvənir. “Frayburq”un təzyiqinə tab gətirmək üçün fiziki cəhətdən çox yaxşı vəziyyətdə olmalısan”.

Şeferin sözlərinə görə, “Frayburq” sadə, amma çox güclü komandadır: “Heyətdəki bütün futbolçular intizamlı oyunları ilə diqqət çəkirlər. Hazırda “Qarabağ”ın hansı vəziyyətdə olduğunu bilmirəm. Düşünürəm ki, Azərbaycan təmsilçisi də rəqibə pressinqlə cavab verməlidir. Bəlkə bu zaman “Frayburq”un müdafiə xətti səhv edə və “Qarabağ” qol vura bilər”.

“Europa-Park” stadionunda təşkil olunacaq “Frayburq” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.

Qeyd edək ki, Vinfrid Şefer 2010-cu ilin iyunundan 2011-ci ilin yanvarınadək “Bakı”nın baş məşqçisi olub. O, 2001 – 2004-cü illərdə Kamerun yığmasına rəhbərlik edib.

Gununsesi.info