“Qızların oxuması daha çox lazımdır” -Tural İrfan danışdı

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Tovuzda 26 yaşlı oğlana qoşulub qaçan 16 yaşlı qız ailəsinə qaytarılıb. Cəmiyyət tərəfindən qınaq obyektinə çevrilən bu kimi hallar ilə tez-tez qarşılaşırıq. 
Bu məsələyə haqq qazandıranlar isə dini qaydalara istinad edir. Bəs görəsən, İslam dinində erkən nikahlar necə nəzərdə tutulur? 
Mövzu ilə bağlı Gununsesi.info-ya danışan Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı-publisist, ilahiyyatçı Tural İrfan deyir ki, İslam dininə görə evlənmə məsələsi həddi-buluğa çatandan sonra reallaşa bilər.

“Hər ölkənin öz coğrafiyasına, mühitinə görə insanların həddi – buluğ yaşı var. İslam dininə görə evlənmə məsələsi həddi-buluğa çatandan sonra reallaşa bilər. Rəsmi dini nikah bu dövrdən sonra icra edilə bilər. Ancaq bununla yanaşı dövlətin qanunlarına riayət edilməsi vacibdir. Rəsmi dövlət qanunlarında evlənmə yaşı neçədirsə dini kəbin də o yaşda oxuna bilər.

Erkən nikahlar bir çox ölkələrdə hələ də var, ölkəmizdə də tarixən olub. Ancaq müasir zamanda qadınların təhsil alması, sosial yöndən yaş formalaşması məsələləri tələb edir ki, erkən nikah bağlamasınlar. Ancaq bəzi yerlərdə bu nəzərə alınmır və insanlar daha tez ailə qurmağa meyllidirlər.

Bunu yalnız maarifləndirmə ilə yoluna qoymaq olar. Qərbin maraqlı təşkilatları isə bu mövzudan müsəlmanlar əleyhinə istifadə edirlər, şişirdirlər. Halbuki Qərbin özündə eyni cinslilərin evlənməsi kimi məsələlər rəsmiyyətə salınıb. Müsəlmanların artımının qarşını almaqdan ötrü Qərb gizli dairələrinin planlarından biri də İslam aləmində çoxarvadlılığın və mümkün qədər nikahların qarşısını almaqdır. Gəncləri pozğunluğa, müasirlik adı altında, Qərb dəyərləri adı altında ənənəvi nikahlardan uzaq tutmaq, eyni cinslərin evlənməsini müsəlmanlar arasında da dəbə salmaq maraqları da danılmazdır.”

Tural İrfanın sözlərinə görə, erkən yaşda, rəsmi nikah yaşına düşməyən şəxslərin evlənməsinin qarşısını almaq üçün gərək səbəblər araşdırılsın, hansı zərurətdən yarandığı müəyyən edilsin və ona görə də addım atılsın:

“Dinimizdə evlənmək yaşı fiziki cəhətdən həddi-buluğ dövrü olsa da, şəxslərin sosial, iqtisadi, tibbi yöndən də həddi-buluğa çatmaları şərtdir.

Yəni mehr deyilən başlıq parası var ki, bunu şəxs öz qazancından olur. Əgər kişi işləmirsə, başqalarına möhtacdırsa, mehr haqqını özü ödəmək iqtidarında deyilsə demək o fiziki cəhətdən həddi-buluğa çatsa da belə sosial cəhətdən hələ həddi – buluğa çatmayıb sözün məcazi mənasında.

Odur ki, cəmiyyətimiz erkən nikahlardan əziyyət çəkməsin deyə din xadimləri, sosioloqlar maarifləndirmə aparmalıdır. Bir çox dağılan ailələr məhz erkən nikahlardır. Təməli zəif olur çox zaman erkən nikahların. Ona görə insanın evlənməsi dövrü tam mükəmməllik yaşı üzrə götürülməlidir. Qızların oxuması daha çox lazımdır. Təhsilə, peşəyə üz tutmaq lazımdır.

Evlənmək üçün gərək tərəflərin müstəqil sosial bazası olsun, onu yaratmadan tələsik ailə qurmaq gələcəkdə doğulacaq körpələrin əzab çəkməsinə səbəb olur. Əsasən də ölkəmizdə hələ uşaqpulu da verilmir. Odur ki, evlənməkdən əvvəl yüz ölçüb, bir biçmək lazımdır.”

 

 

 

Şəbnəm Rəhimova

Gununsesi.info