Tapdıq Fərhadoğlu 65 - Tarixçi-alim yubiley yaşını qeyd edən jurnalistdən yazdı

  • Müəllif: Orxan
  • 10 Sentyabr 2026 11:45
Bu gün tanınmiş jurnalist Tapdıq Fərhadoğlunun 65 yaşı tamam olur.
Gununsesi.info xəbər verir ki, bu münasibətlə, tarixçi-alim Cəmil Həsənli yubiley yaşını qeyd edən jurnalist haqqında ürək sözlərini yazıb.
Sözügedən yazını təqdim edirik:
“O, 65 il əvvəl Qaraqoyunlu elində dünyaya gəlib, Gəncə Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsini bitirib. Tapdıq bəy ömrünün nə az, nə çox yarısını jurnalistikaya həsr edib. Tapdıq bəyin jurnalist fəaliyyəti ölkəmizin müstəqilliyi ilə həmyaşıddır. O, Azərbaycanda azad mətbuatın ilk nümayəndələrindən biridir. Tapdıq bəy ölkədə azad və müstəqil mətbuatın əsasını qoyan Nəcəf Nəcəfovun rəhbərlik etdiyi “Azadlıq” qəzetində işə başlayıb, 32 ilə yaxın “Turan” İnformasiya Agentliyində çalışıb, uzun illər “Amerikanın səsi”nin Azərbaycan üzrə müxbiri olub. 90-cı illərdə Tapdıq bəy ön cəbhədən – döyüş bölgələrindən reportajlar hazırlamışdı. Bunlar bioqrafik məlumatlardır. Lakin Tapdıq Fərhadoğlu azad, müstəqil, doğru və etibarlı jurnalistikanın ölkəmizdə o qədər də çox olmayan örnəklərindən biridir.
O, “Turan”ın parlament müxbiri olub, onun jurnalist fəaliyyəti ölkənin qaynar hadisələrindən keçib, peşə fəaliyyətinə görə dəfələrlə həbs edilib, çəkiliş yerlərində zorakılığa, işgəncələrə məruz qalıb.
Mən “Zamanın sınağında”n keçən xatirələrimi yazanda Tapdıq Fərhadoğunun yazılarından, reportajlarından, təhlillərindən, məlumatlarından çox yararlandım. Zəngin bioqrafiyası, peşə fəaliyyəti, jurnalist fədakarlığı var Tapdıq bəyin.
Yaxşı xatırlayıram, Bakı Dövlət Universitetinin qarşısında olan mitinqdə rektorun mühafizəçiləri onu amansızlıqla döymüşdü. O qədər amansızlıqla ki, xəstəxanana düşmüşdü, əməliyyat olunmuşdu, sağlamlığına ağır ziyan dəymişdi. Amma bütün hallarda o, hadisə yerindən çəkiliş kartını redaksiyaya göndərə bilmişdi.
Faciəli “Tərtər işi” işgəncə qurbanlarının yaxınlarının etirazlarını da Tapdıq bəy çəkmişdi. Çəkiliş zamanı zorakılığa məruz qalmışdı. Bu iş üzrə aparılan məhkəmə proseslərini, zərərçəkmişlərin və hüquq müdafiəçilərinin bəyanatlarını, eləcə də beynəlxalq qurumlarını (İşgəncələr Əleyhinə Ümumdünya Təşkilatının) müntəzəm olaraq “Amerikanın Səsi” platformasında işıqlandıran əsas jurnalistlərdən biri idi.  Son 3o il ərzində çox maraqlı, yaddaqalan, tarixin yaddaşına hopan müsahibələrimiz olub Tapdıq bəylə.”Gəncə işi”ndə haqsızlığa məruz qalmış insanların etirazını, dərdini, faciəsini ölkə və dünya ictimaiyyətinə çatdıranlardan biri və birincisi Tapdıq Fərhadoğlu olmuşdu.
Bu qalmaqallı işlərin işıqlandırılmasında o, fədakarlıq etmişdi, özü də, zorakılıq şəraitində fədakarlıq. O, həmişə müsahibələr alırdı. Amma bir dəfə doğum gününündə verdiyi bir müsahibədə demişdi ki, “Jurnalist imzasını göz bəbəyi kimi qorumalıdır”. Bəli o, imzasını göz bəbəyi kimi qoruyan örnək, obyektiv, doğru-dürüst, vicdanlı, qələmin müqəddəs vəzifəsini millətə xidmətdə görən bir jurnalistdir. Onun keçdiyi ömür yolu, peşə fəaliyyəti, peşəsinə vurğunluğu dərs kitablarına salınacaq qədər maraqlıdır. Bu vurhavurla Tapdıq Fərhadoğlu kişi əhalisinin 48 faizinin pensiya yaşına çata bilmədiyi məmləkətimizdə 65 yaşına çatdı.
Bu gündən pensiyaçıdır. 35 illik jurnalist fəaliiyətinə görə o, 339 manat – yəni bugünkü məzənnə ilə 200 dollardan bir neçə sent əskik pensiya alacaq. Buna da şükür!”