Türkiyə NATO-nun təlimindən İMTİNA ETDİ

  • By admin
  • 01 May 2022 09:16

Türkiyə Hərbi Hava Qüvvələrinin nümayəndələri 9-20 may tarixlərində Yunanıstanda keçirilməsi planlaşdırılan NATO-nun “Tiger Meet” təlimlərində iştirakdan imtina ediblər.

Gununsesi.info xəbər verir ki, bu barədə “Anadolu” agentliyi təhlükəsizlik strukturlarındakı mənbələrə istinadən məlumat yayıb.

Məlumata əsasən, Türkiyə tərəfinin bu addım atmasına səbəb Yunan tərəfinin iki ölkə arasında olan problemlər üzrə spekulyasiya etmək üçün təlimlərin ssenarisinə texniki əlavələr daxil etməsi olub.

Ankara Afinanın hərəkətlərini qəbuledilməz və beynəlxalq hüquqa zidd adlandırıb. Türkiyə tərəfinin təlimlərin ssenarisinə əlavələrin ləğvi ilə bağlı təkidli tələbi rədd cavabı alıb. Buna cavab olaraq Türkiyə Hərbi Hava Qüvvələrinin nümayəndələri aprelin 22-də Afinaya rəsmi olaraq “Tiger Meet”də iştirakdan imtina etdiklərini bildiriblər.

Türkiyə Yunanıstan hakimiyyətinin NATO təlimlərindən siyasi manipulyasiya vasitəsi kimi istifadə etmək cəhdlərini pisləyib.

“Yunanıstanın mövqeyi NATO çərçivəsində dostluq və əməkdaşlığı gücləndirmək məqsədi daşıyan təlimlərin mahiyyətinə zərbə vurur. Bundan başqa, Türkiyənin hüquq və mənafeyini pozmağa cəhdlər də var”, – deyə mənbə bildirib.

Qeyd edək ki, “Tiger Meet” təlimləri ənənəvi olaraq NATO-nun müxtəlif üzv ölkələrində keçirilir. 2005 və 2015-ci illərdə bu təlimlər Türkiyədə keçirilib.

Gununsesi.info